
Bakı. Trend:
Aprelin 24-də UNEC və Hacəttəpə Universitetinin birgə
təşkilatçılığı ilə “Qondarma erməni soyqırımı: iddialar və faktlar”
mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Konfransın açılışında çıxış edən UNEC rektoru professor Ədalət
Muradov tədbirin universitetdə keçirilməsinin təsadüfi olmadığını
bildirərək, “erməni soyqırımı” ilə bağlı həqiqətlərin dünyaya,
beynəlxalq aləmə çatdırılmasında məhz elm adamlarının ən güclü
təbəqə olduğunu deyib. Hər hansı soyqırımın təsdiq edilməsinin
mütləq şəkildə faktlar tələb etdiyini deyən prof. Ədalət Muradov
1915-ci il hadisələri barədə çıxış edərək, dünyanın tanınmış
siyasətçilərinin və ictimai xadimlərinin qondarma soyqırım barədə
söylədikləri tarixi həqiqətləri iştirakçıların diqqətinə
çatdırıb.
Konfransda iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Cahit
Bağçı çıxışı zamanı 1915-ci ildəki hadisələri “soyqırımı”
adlandırmağın heç bir məntiqə sığmadığını, Türkiyənin həmin
hadisələrin araşdırılması üçün ortaq komissiyanın yaradılmasını
təklif etsə də, Ermənistanın hələ də bu təklifə cavab vermədiyini
deyib.
Beynəlxalq konfrans millət vəkilləri Naqif Həmzəyev, Anar
İsgəndərov, Musa Qasımlı, TOBB İqtisadiyyat və Texnologiya
Universitetinin rektoru Prof. Dr. Yusuf Sarınay, Türk Dünyası
İqtisad Fakültəsinin dekanı prof.Mehmet Yüce, prof. Solmaz
Rüstəmova-Tohidinin qondarma erməni soyqırımı, eləcə də ermənilərin
Azərbaycanda həyata keçirdikləri soyqırımı və kütləvi qırğınlar
barədə tarixi faktlara əsaslanan maraqlı çıxışları ilə davam
edib.
Sonra konfransın panel müzakirələri aparılıb. Beynəlxalq
konfrans aprelin 25-də yekunlaşacaq.





























