
Bakı. Trend:
Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında
dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala
düşmüş, həmçinin, oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas
vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən
əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da
dəyişiklik edilib.
Trend xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar
imzalayıb.
Qərara əsasən, vahidinin (dəstinin) ilkin balans dəyəri 5000
manata qədər olan əsas vəsaitlərin (fondların) silinməsinə dair
komissiyanın aktları təşkilatın rəhbəri tərəfindən təsdiq ediləcək
və bundan sonra bu əsas vəsaitlər (fondlar) balansdan silinəcək. Bu
halda həmin əsas vəsaitlərin (fondların) silinməsinə dair
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin
rəyi tələb olunmayacaq. Qeyd edək ki, əvvəl bu vəsait 25 milyon
manat nəzərdə tutulmuşdu.
Həmçinin, vahidinin (dəstinin) ilkin balans dəyəri 5000 manatdan
yuxarı olan əsas vəsaitlərin (fondların) silinməsi zamanı
təşkilatda yaradılmış komissiya tərəfindən tərtib edilən əmlakın
(qiymətlilərin) ləğvi aktı Əmlak Məsələləri Dövlət Komitəsindən
müvafiq rəy alındıqdan sonra (Azərbaycan Respublikasının Prezidenti
tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla) həmin təşkilatın
baş idarəetmə orqanı tərəfindən (belə orqan olmadıqda, təşkilatın
özü tərəfindən) təsdiq edilməklə, bu əsas vəsaitlərin (fondların)
silinməsi həyata keçiriləcək.
Qərara əsasən, təqdim edilmiş sənəd və məlumatların ilkin
təhlili zamanı balansdan silinməsi nəzərdə tutulan əsas vəsaitlərin
istismara və digər sahələrdə istifadəyə yararlılığı müəyyən
edildiyi halda, həmin əsas vəsaitlərin (fondların) səmərəli
istifadə imkanlarının araşdırılması məqsədilə bu Qayda ilə müəyyən
edilmiş müddət ərzində yerində baxış keçirilir və baxış aktı tərtib
edilir.
Balansdan silinməsi nəzərdə tutulan əsas vəsaitlərə (fondlara)
baxış keçirilməsi üçün zəruri şərait yaradılması balanssaxlayıcı
tərəfindən təmin edilir.
Xidmətin rəsmi qaydada müsbət rəyi alınanadək silinməyə təqdim
edilmiş əsas vəsaitlərin mövcud vəziyyətinin qorunub saxlanılmasına
görə balanssaxlayıcı mülki məsuliyyət daşıyır.
Balansdan silinməsi nəzərdə tutulan daşınmaz dövlət əmlakının
vəziyyətinin qənaətbəxş və səmərəli istifadə imkanlarının olduğu
müəyyən edilərsə, balanssaxlayıcı və Xidmət tərəfindən həmin
daşınmaz dövlət əmlaklarının səmərəli istifadəsinin təmin edilməsi
istiqamətində Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6
iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında dövlət əmlakının idarə edilməsinin
təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na uyğun olaraq zəruri
tədbirlər görülür.
Balansdan silinməsi nəzərdə tutulan daşınar dövlət əmlakının (o
cümlədən nəqliyyat vasitələrinin və ya onların hissələrinin) tərtib
edilmiş baxış aktına əsasən istifadəyə və ya satışa yararlı olması
müəyyən edilərsə, həmin əmlakın açıq hərrac yolu ilə satışı həyata
keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş
hallar istisna olmaqla, xüsusi əhəmiyyətli əsas vəsaitlərin
(fondların) silinməsi barədə Xidmət tərəfindən rəy Azərbaycan
Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılmaqla
verilir.
Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) silinməsinin
razılaşdırılması məqsədilə zəruri sənəd və məlumatlar Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Nazirlər
Kabinetinə təqdim ediləcək.





























