Advertisement

Beynəlxalq müsabiqələr laureatlarının “Kamera musiqisi axşamı” adlı konserti keçirilib (FOTO)

Bakı. Trend:

Aprelin 23-də beynəlxalq müsabiqələr laureatları, pianoçu
Züleyxa Usubova və bəstəkar, skripka ifaçısı Üzeyir Məmmədovun
Kamera və orqan musiqi zalında “Kamera musiqisi axşamı” adlı
konserti keçirilib.

Trend xəbər verir ki, konsertdə Azərbaycan və xarici
bəstəkarların əsərləri ifa edilib.

Frans Şubertin “Sonata №1 D maj. D 384”, Qara Qarayevin violin
və fortepiano üçün “Sonata (d moll)” Lüdviq van Bethovenin “Violin
Sonata No.5 in F major Op.24 ‘Spring'” əsərlərləri tamaşaçılar
tərəfindən böyük maraqla qarşılanıb.

Pianoçu Züleyxa Usubova respublika və beynəlxalq müsabiqələr
laureatıdır. Dəfələrlə simfonik və kamera orkestrləri ilə çıxış
edib. Z.Usubova IX və X Beynəlxalq Qəbələ Musiqi Festivalının, I
Beynəlxalq Pianoçular Festivalının iştirakçısı olub.

Üzeyir Məmmədov Bakı Musiqi Akademiyasının Bəstəkarlıq
ixtisasını bitirsə də, həyatını skripkasız təsəvvür etmir. Bir çox
beynəlxalq müsabəqənin laureatı olan Ü.Məmmədov 2021-ci ildə
keçirilmiş “Vətən Müharibəsindəki Şanlı Qələbəmizə həsr olunmuş
Bəstəkarlıq Müsabiqəsi”ndə böyük simfonik orkestr üçün yazılmış
“Qəhramanlıq Dastanı” adlı əsəri ilə iştirak edib və fəxri fərmanla
təltif olunub. 2023-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının
təqdimatı ilə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənci”
mükafatına layiq görülüb.

Anşlaqla keçən konsertin yenidən təşkil edilməsi üçün ifaçılara
çoxsaylı müraciətlər olduğundan mayın 17-də həmin məkanda növbəti
konsertin keçirilməsi qərarlaşdırılıb. Konsertdə Üzeyir Məmmədovun
bəstələdiyi əsərlər səsləndiriləcək.