Advertisement

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar (FOTO)

Bakı. Trend:

Özbəkistan Jurnalistlər İttifaqının sədri Xolmurod Səlimovun
rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST
İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən
məlumata görə, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin
direktoru Nigar Məmmədova qonaqları Mərkəzin fəaliyyət
istiqamətləri barədə məlumatlandırıb.

Özbəkistanın media nümayəndələri sosial cəhətdən həssas əhali
qruplarına aid şəxslərin yaradıcılıq potensialının inkişaf
etdirilməsi üçün yaradılan şəraitlə tanış olublar. Jurnalistlərə
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
yaradılmış Mərkəzdə inklüziv cəmiyyətin inkişafı, həssas
kateqoriyalardan olan şəxslərin sosial adaptasiyası istiqamətində
həyata keçirilmiş layihələr barədə məlumat verilib.

Mərkəzin İsmayıllıda “DOST EVİ” filialının açıldığı, həmin
filialın bölgədə milli sənətkarlığın inkişafına və təbliğinə,
habelə özünüməşğulluq layihələrinin icrasına dəstək məqsədi
daşıdığı vurğulanıb.

Qonaqlar Mərkəzdəki təlim studiyalarında yaradıcılıq prosesini
izləyib, təlimçi və benefisiarların əl işlərindən ibarət sərgi ilə
tanış olublar. İnklüziv Ansamblın müşayiəti ilə Mərkəzin istedadlı
benefisiarlarının təqdim etdiyi musiqi nömrələri də Özbəkistan
media mənsubları tərəfindən alqışlarla qarşılanıb.

Sonra qonaqlara xatirə hədiyyələri təqdim olunub.