
Bakı. Trend:
Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində
müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər
saxlanılıb.
Bu barədə Trend-ə Daxili
İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin
satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid
yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması
istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər
görülür.
Belə tədbirlər zamanı kəsici-deşici alətlərin sosial şəbəkələrdə
və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən
mağazalarda satışını təşkil edən 1999-cu il təvəllüdlü Hüseynov
Nurəddin, 1986-cı il təvəllüdlü Səfərov Elşən, 1990-cı il
təvəllüdlü Əliyev Nihat, 1985-ci il təvəllüdlü Hacıyev Ariz,
1980-ci il təvəllüdlü Rəhimov Vahid və əvvəllər xuliqanlıq əməlinə
görə məhkum olunmuş 1987-ci il təvəllüdlü Hüseynov Anar müəyyən
olunaraq saxlanılıblar.
Onlardan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə
tutulan 400 ədədə yaxın kəsici-deşici alət aşkar olunaraq
götürülüb, təbliğatını apardıqları sosial şəbəkə hesablarının
fəaliyyəti məhdudlaşdırılıb.
Maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq
ekspertiza təyin olunub, saxlanılan şəxslər barəsində araşdırma
aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə
hüquqi qiymət veriləcəkdir.
Daxili İşlər Nazirliyi məişət təyinatı olmayan soyuq silahların
satışının məsuliyyət yaratdığını diqqətə çatdıraraq bunu təşkil
edən şəxsləri əməllərindən çəkinməyə çağırır.





























