Advertisement

Bakı və Düşənbə arasında şəhərsalma və memarlıq sahəsində TƏCRÜBƏ MÜBADİLƏSİ (FOTO)

Bakı. Trend:

24 aprel 2024-cü il tarixində Dövlət Şəhərsalma və Arxitektura
Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin
rəisi Read Qasımov Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə
və səlahiyyətli səfiri İlhom Abdurahmon və paytaxtımızda səfərdə
olan Düşənbə Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis
müavini Feyzulla İsgəndərovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə
işgüzar görüş keçirib.

Trend-in məlumatına görə, R.Qasımov qonaqlarla Bakının 30 dekabr
2023-cü il tarixində qəbul edilmiş 2040-cı ilə qədər inkişafına
dair Baş Planı ilə nəzərdə tutulmuş inkişaf istiqamətləri, son
illər ərzində şəhərsalma sahəsində aparılan önəmli işlər, innovativ
yanaşmaların tətbiqi ilə bağlı təcrübəni bölüşüb.

O, eyni zamanda beynəlxalq əməkdaşlıq məsələlərinə toxunaraq,
xüsusilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) və 2026-cı ildə
Ümumdünya Şəhərsalma Forumuna (WUF13) məhz Azərbaycan paytaxtının
evsahibliyi etməsini ölkəmizin beynəlxalq nüfuzunun və əldə etdiyi
nailiyyətlərinin təzahürü olduğunu vurğulayıb.

Tərəflər həmçinin Bakı və Düşənbə şəhərləri arasında memarlıq və
şəhərsalma sahəsində əməkdaşlığın perspektivlərini müzakirə
ediblər. Baş İdarə mütəxəssisləri ilə şəhərimizdə olan qonaqların
ölkəmizdə bu sahədə həyata keçirilən uğurlu layihələr barədə geniş
fikir mübadiləsi aparması barədə razılığa gəlinib.