
Bakı. Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad
olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı
üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa
çıxarılacaq.
Qurumdan Trend-ə bildirilib ki, sərnişin daşınması ilə bağlı
sistemliliyin təmin edilməsi məqsədilə marşrut xətləri üzrə bilet
satışı www.yolumuzqarabaga.az portalı
üzərindən onlayn qaydada həyata keçirilir.
Gediş və qayıdış biletləri əvvəlcədən eyni vaxtda sifariş
olunmalıdır.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki
məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət
vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna
bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə ilk müntəzəm
avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib.
Bu günədək ümumilikdə 721 reys həyata keçirilib, 29361 sərnişin
işğaldan azad olunmuş əraziləri ziyarət edib.




























