
Bakı. Trend:
Dövlətimizin uğurlu, dövrün çağırışlarını özündə əks etdirən
qətiyyətli siyasəti nəticəsində qazanılan uğurların miqyası olduqca
genişdir. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli
tədbirlər, konfranslar, forumlar, eyni zamanda, Prezident İlham
Əliyevin çıxışları uğurlarımızın təqdimatında əhəmiyyətli rol
oynayır. Aprelin 23-də 30 ölkədən 64 nümayəndənin iştirakı ilə
keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda
beynəlxalq forum hazırda ölkə və dünya mətbuatında geniş müzakirə
olunmaqdadır. Forum regional təhlükəsizlik, enerji keçidi və yaşıl
artımla bağlı Azərbaycanın baxışının təqdim olunması, Qarabağda
yaşıl və ekoloji cəhətdən təmiz zonaların yaradılması, Azərbaycanda
külək və günəş enerjisi layihələri, Avropa İttifaqına qədər uzanan
yaşıl enerji dəhlizlərinin gələcəyi və digər mövzular baxımından
yanaşmasını təqdim etməklə qlobal siyasət müzakirələrinə öz
töhfəsini verdi.
Tədbirdə bir daha vurğulandı ki, Azərbaycanın bu ilin noyabr
ayında COP29-a ev sahibliyi qlobal miqyasda ölkəmizin güclü
diplomatiyasının və çoxtərəfli danışıqlar zamanı etibarlı tərəfdaş
nüfuzunun təsdiqidir. Bundan əvvəl Azərbaycan BMT Təhlükəsizlik
Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi
nüfuzlu beynəlxalq təsisatlarda uğurla sədrlik etmişdir.
Azərbaycanın ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalq
təşkilatlar çərçivəsində əlaqələrinin inkişafı ev sahibliyi etdiyi
tədbirlərin yüksək səviyyədə keçirilməsində də öz sözünü deyir.
Tədbirə 30 ölkədən 64 nümayəndənin qatılması müzakirəyə
çıxarılan mövzunun aktuallığını, mahiyyətinin beynəlxalq
ictimaiyyət üçün nə qədər maraqlı olduğunu təsdiqləyir. Ən əsası
tarixən neft ölkəsi kimi tanınan Azərbaycanın bu gün yaşıl enerjiyə
keçidi prioritet məsələ kimi qarşıya qoyması və bu sahədə
təcrübəsini bölüşmək istəyində olması diqqətdən kənarda qala
bilməz. Azərbaycan daim iqlim dəyişmələrinə qarşı qlobal mübarizəyə
töhfələr verib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin
Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi
ölkəmizin iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq
həmrəyliyin gücləndirilməsində maraqlı olduğunu və bunu fəaliyyəti
ilə təsdiqlədiyini nümayiş etdirir.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar
Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, dövlət başçısı İlham
Əliyevin forumda çıxışı və iştirakçıların çoxsaylı suallarını
ətraflı cavablandırması həm ölkəmiz haqqında, həm də regionun
gələcəyi, dünya siyasətində yeniliklərlə bağlı geniş məlumatların
əldə edilməsində zəngin mənbədir. Prezident İlham Əliyev belə
görüşün ötən ilin dekabr ayının əvvəllərinə təsadüf etdiyini önə
çəkərək bu müddət ərzində Azərbaycanda və ətrafda bir çox
hadisələrin baş verdiyini, bütün bu hadisələrin müsbət məcrada
cərəyan etdiyini diqqətə çatdırdı. Bu hadisələr sırasında
Ermənistan ilə Azərbaycan arasında münasibətlərin
normallaşdırılması prosesini və sərhədlərin delimitasiyasını xüsusi
qeyd edə bilərik. Həmçinin ötən ilin dekabrında mötəbər tədbirin –
COP29-un ölkəmizdə keçirilməsi barədə qərar qəbul edildi. COP29
konfransına ev sahibliyi etmək beynəlxalq ictimaiyyət tərəfindən
Azərbaycana göstərilən böyük etimadın və dəstəyin əyani
nümayişidir. Dövlətimizin başçısı onu da bildirdi ki, COP29-a
hazırlığın fəal mərhələsindəyik. Yaxşı nəticələr əldə etmək üçün
olduqca fəal və səmərəli çalışmalıyıq. COP29 bizim üçün çox böyük
məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil,
nəticələrin əldə edilməsindən də gedir.
YAP Xətai rayon təşkilatının sədri dövlət başçısı İlham Əliyevin
forumda diqqəti yaxın günlərdə Almaniyaya səfərinə də yönəltdiyini
bildirib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi,
Azərbaycan-Almaniya əlaqələrində daha sıx yaxınlaşma müşahidə
olunur. Cənab İlham Əliyev COP29-a ev sahibliyi edən ölkənin
Prezidenti qismində Petersberq Konfransına dəvət olunub. Bu,
Almaniyada təşkil edilən ənənəvi konfransdır və adətən COP-a ev
sahibliyi edən prezident oraya dəvət olunur. Həmçinin Almaniyanın
rəhbərliyi ilə görüşlər olacaq. Əməkdaşlıq əlaqələrində iqtisadi
amil xüsusi qeyd olunur.
Əməkdaşlıq, sərmayə qoyuluşu və dövlət strukturları ilə
müqavilələrin bağlanılmasına dair planlar var. İstər Azərbaycanda,
istərsə də Almaniyada biznes dairələri hər zaman siyasi riskləri
qiymətləndirir. Ölkələr arasında əlaqələrin inkişafında
investisiyaların yatırılmasında sabitliyin, əlverişli biznes
mühitinin mövcudluğu əsasdır. Bu rəqəm hazırda Azərbaycana
beynəlxalq səviyyədə inamın və etimadın hansı səviyyədə olmasına
aydınlıq gətirir. Belə ki, son 20 ildə ölkə iqtisadiyyatına 310
milyard dollar investisiya yatırılıb. Bunun 200 milyard dolları
qeyri-neft sektorunun payına düşür. Hazırda Azərbaycanın bütün
regionları, xüsusilə işğaldan azad edilmiş ərazilərin investisiya
cəlbediciliyi dünyanın diqqətindədir. Bu torpaqların turizm
imkanlarının genişliyi iqtisadi əməkdaşlıq əlaqələrinin qurulmasına
əlavə imkanlar yaradır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi
kimi, Azərbaycan-Almaniya münasibətləri ən fəal dönəmdədir və bunu
çox müsbət qiymətləndiririk.
Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyev forumda
diqqəti hazırkı dövrün əsas çağırışı olan regionda dayanıqlı sülhün
və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni
səhifənin açılması məqsədilə Azərbaycanın qarşı tərəfə beynəlxalq
hüququn 5 əsas prinsipini əks etdirən sülh təklifindən də bəhs
edib. Sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif formatlarda
və məkanlarda keçirilən görüşlərə diqqət yönəldilib.
Ən əsası, Azərbaycanın ötən ilin sentyabrında suverenliyini tam
bərpa etməsi, bu günlərdə Qazax rayonunun 4 kəndinin geri
qaytarılması əsaslı şəkildə tədbir iştirakçılarının diqqətinə
çatdırıldı. Azərbaycanın COP29-a ev sahibliyinin
Ermənistan-Azərbaycan dialoquna və daha geniş əməkdaşlığa hansı
töhfəni verə biləcəyinə gəldikdə isə dövlətimizin başçısı qeyd etdi
ki, razılaşmaya ola bilsin heç vaxt olmadığı qədər yaxınıq. Çünki
işğal dövründə razılaşmaya heç vaxt bu qədər yaxın olmamışdıq.
Həmin vaxt bizdə sülh müqaviləsinin layihəsi belə yox idi. Amma
indi bu layihə bizdə var. İndi sülh razılaşmasının necə olmalı
olduğuna dair bizdə ümumi anlayış var. Biz, sadəcə, təfərrüatlar
üzərində çalışmalıyıq. Lakin əlbəttə ki, hər iki tərəfə vaxt
lazımdır. Çünki sülh müqaviləsi imzalandığı təqdirdə, bu, hər iki
ölkə üçün tarixi razılaşma olacaq. Buna görə hər bir söz, hər bir
nöqtə, hər bir paraqraf vacibdir. Lakin vacib olan odur ki, hər iki
tərəfin bunu etmək üçün siyasi iradəsi var.
YAP Xətai rayon təşkilatının sədri onu da vurğulayıb ki, forumda
Azərbaycanın hər bir uğuruna geniş imkanlar açan iqtisadi
inkişafımız, müasir dövrün tələblərinə uyğun olaraq atılan addımlar
əsasında ölkəmizin bütün sahələrdə tərəqqisi, yeni əməkdaşlıq
formatlarının yaradılması üçün imkanların mövcudluğu, bərpaolunan
enerji potensialımız və bu sahədə təcrübənin bölüşülməsi üçün birgə
səylərin göstərilməsinə edilən çağırışlar və sair kimi məsələlər
geniş müzakirə edildi.
Dövlət başçısı vurğuladı ki, Azərbaycan artıq 30 ildir
beynəlxalq neft şirkətləri ilə əməkdaşlıq edir. Xəzər dənizinə
xarici şirkətləri dəvət edən ilk ölkə Azərbaycan olub. Gələcəyimiz
daha da parlaqdır. Biz qazıntı yanacağından istifadəni
dayandırmayacağıq. Lakin, eyni zamanda, diqqətimizi yaşıl gündəliyə
yönəldəcəyik. O da qeyd edildi ki, ola bilsin COP29-un keçirilmə
tarixinə bir az qalmış mübadilə üçün daha çox ideyalarımız olsun və
konfransdakı gündəliyimizə daxil edək.
Forumda Azərbaycanın yerləşdiyi coğrafi məkana görə Şərqlə Qərb
arasında körpü roluna da diqqət yönəldildi. Belə ki, Prezident
İlham Əliyev “Həyata keçirilən əməkdaşlıq strategiyasını nəzərə
alaraq, Azərbaycanı Şərq və Qərb dünyası arasında ən əhəmiyyətli
körpü kimi görürsünüzmü” sualını cavablandırarkən vurğuladı ki, ən
əhəmiyyətli körpü məncə çox təkəbbürlü səslənə bilər. Amma bəli,
bu, bir növ mədəniyyətdir:
“Mən deyərdim, körpü ona görə ki, yerləşdiyimiz coğrafiya
cəmiyyətin həyat tərzinə, əhvali-ruhiyyəsinə mütləq təsir edib. Biz
Avropada və dünyanın digər yerlərində olanda özümüzü rahat hiss
edirik, çünki Azərbaycan cəmiyyəti əsrlər boyu hər iki
sivilizasiyanın, yəni, İslam sivilizasiyasının və Avropa
sivilizasiyasının dəyərlərini əhəmiyyətli dərəcədə mənimsəmişdir.
Beləliklə, şübhəsiz ki, bu yer bizə nəqliyyat əlaqələrinin
qurulmasında fəal olmağı diktə edir, çünki mövqeyimizdən istifadə
etməsək, heç kim bizi bağışlamaz… Təkcə dəmir yolu və limanlar
tikmək kifayət deyildir. Biz ölkələr arasında körpülər
qurmalıyıq.”
Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycan
həm yerləşdiyi coğrafi məkana, həm də düşünülmüş və məqsədyönlü
siyasəti nəticəsində təqdim etdiyi inkişaf modelinə görə daim
dünyanın diqqətindədir. Zaman-zaman ölkələr arasında qurulan
körpülər yeni-yeni əməkdaşlığa yol açır ki, bu da uğurlu gələcəyin
təmin edilməsində əsas faktordur.





























