
Bakı. Trend:
“Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü”
mövzusunda konfransın iştirakçıları adından Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul
olunub.
Məlum olduğu kimi 22 il bundan əvvəl – 2002-ci ilin 25 aprel
tarixində Ümummilli Lider Heydər Əliyevin yerli sahibkarlarla, may
ayında isə xarici iş adamları ilə tarixi görüşləri olub. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 21 aprel
tarixli Sərəncamı ilə 25 aprel tarixi artıq 9 ildir ki, ölkəmizdə
“Sahibkarlar Günü” kimi qeyd olunur.
“Sahibkarlar günü” və Azərbaycan Sahibkarlar Konfederasiyasının
yaranmasının 25 illiyi ilə bağlı aprelin 25-də “Gülüstan” sarayında
İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə
“Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü” mövzusunda
Konfrans keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda ümummilli lider
Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq
abidəsi önünə əklil qoyublar. Konfrans iştirakçıları həmçinin,
Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü
uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla
yad edib, “Əbədi Məşəl” kompleksinə əklil qoyublar.
Konfrans öz işinə Azərbaycanın dövlət himninin səslənməsi və
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin
əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə
başlayıb.
Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri,
sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də
müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak
ediblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov konfrans iştirakçılarına
video müraciət ünvanlayıb, əmək və əhalinin sosial müdafiəsi naziri
Sahil Babayev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev,
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının
prezidenti Məmməd Musayev, “Hünər Qrup” şirkətinin təsisçisi və baş
direktoru Ehtiram Quliyev çıxış ediblər. Çıxışlarda ölkəmizdə bazar
münasibətləri prinsipləri əsasında iqtisadiyyatın, o cümlədən, özəl
sektorun formalaşması və inkişafında ulu öndərin rolu, bu siyasətin
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi ilə uğurla davam etdirilməsi, özəl sektorun inkişafı,
sahibkarların sosial rifah və məşğulluqda rolu, kiçik və orta
biznesin inkişafının prioritetliyi, dövlət-özəl dialoqunun
əhəmiyyəti barədə məlumat verilib.
Tədbirdə sahibkarlığın inkişafına və ASK-nın 25 illiyinə dair
filmlər nümayiş olunub, dövlət-özəl dialoqunun inkişafına verdiyi
töhfəyə görə bir qrup sahibkar mükafatlandırılıb.
Konfransın sonunda Prezident İlham Əliyevə konfrans
iştirakçıları adından müraciət qəbul olunub.
Tədbir bədii hissə ilə başa çatıb.





























