Advertisement

“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Bakı. Trend:

Azercell-in ev sahibliyi etdiyi “M360 Eurasia 2024”
tədbirinə qeydiyyat davam edir

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu
ilə 15-16 may tarixlərində Bakıda keçiriləcək “GSMA M360 Eurasia
2024” konfransında rəqəmsal dövrün ən aktual tendensiyaları
ətrafında fikir mübadiləsi aparılacaq.

Tədbir rəqəmsal transformasiyanın gücü, süni intellektin
müxtəlif sahələrə təsiri, həmçinin yaşıl texnologiyalar kimi mühüm
mövzuların müzakirəsi üçün əla platforma rolunu oynayacaq.
Konfransa qatılan beynəlxalq və regional ekspertlər, şirkət
rəhbərləri və region üzrə tənzimləyici qurumların nümayəndələri bu
proseslərin sürətləndirilməsi üçün bazar iştirakçılarının birgə
fəaliyyətinin əhəmiyyətini bir daha vurğulayacaqlar.

“M360 Eurasia 2024” çərçivəsində süni intellektin rəqəmsal
dünyanın bütün sahələrində geniş tətbiqi, onun innovasiya üçün
açdığı yeni perspektivlər barədə danışılacaq. Eyni zamanda, bu
texnologiyanın məlumat məxfiliyi və təhlükəsizliyin təmin edilməsi
kimi istiqamətlərdə yaratdığı çağırışlar da müzakirə olunacaq. Bu
keçidin həm biznes, həm də cəmiyyət üçün ən faydalı şəkildə
reallaşdırılması yolları ətrafında fikir mübadiləsi aparılacaq.

Tədbirdə Rəqəmsal DNT (Digital DNA) mövzusu çərçivəsində yeni
dövrdə uğur əldə etmək üçün lazımlı bacarıq və qabiliyyətlər,
rəqəmsal savadlılığın artırılması üçün sektorlar arası əməkdaşlığın
vacibliyi gündəmə gətiriləcək.

COP29 ərəfəsinə təsadüf edən bu konfransda ətraf mühit, sosial
və idarəetmə (ESG) prinsipləri haqqında da danışılacaq. Bu
sessiyada rəqəmsallaşma prosesinin və iqlim fəaliyyətinin
bir-birinə təsiri, dayanıqlı inkişaf və sıfır karbon emissiya
məqsədlərinə nail olmaq üçün bütün sektorlar arasında qarşılıqlı
əməkdaşlığın əhəmiyyəti vurğulanacaq. Qlobal telekommunikasiya
liderlərinin bu hədəfə çatmaq üçün gördüyü işlər, rəqəmsal
innovasiyaların ətraf mühitin dayanıqlığına verdiyi töhfə barədə
danışılacaq.

Tədbirdə telekommunikasiya şirkətlərinin innovativ B2B həlləri
vasitəsilə bizneslərin rəqəmsallaşma prosesinə müsbət təsiri, onlar
üçün yaratdığı yeni gəlir istiqamətləri gündəmə gətiriləcək. Dəvət
olunan məruzəçilər arasında AWS, e&, Google, Microsoft və s.
kimi böyük şirkətlərin nümayəndələri var.

Qeyd edək ki, ötən il Bakıda baş tutan M360 tədbirində dünyanın
29 ölkəsindən nümayəndələr iştirak edib. Bu il də konfransda geniş
təcrübəyə malik sənaye liderlərinin bir araya gəlməsi
gözlənilir.

“JW Marriott Absheron Baku” mehmanxanasında baş tutacaq tədbirdə
iştirak etmək istəyən hər kəs
GSMA M360 Eurasia
səhifəsində qeydiyyatdan keçə bilər.