Advertisement

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Bakı. Trend:

25 apreldə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında
Elektron Təhlükəsizlik Xidməti (ETX) və Elm və Təhsil Nazirliyinin
“Məktəblinin dostu” layihəsinin birgə təşkilatçılığı ilə layihənin
regionlardakı əməkdaşları üçün onlayn maarifləndirmə təlimi
keçirilib.

Trend xəbər verir ki,
ümumilikdə 70 nəfərin iştirak etdiyi təlimdə ETX-nin əməkdaşları
tərəfindən “Uşaqlar üçün kibertəhlükəsizlik qaydaları”, “Fərdi
məlumatların mühafizəsi”, “Şifr təhlükəsizliyi” və “Sosial mediadan
istifadə qaydaları” mövzularına dair təqdimat nümayiş olunub.
Təqdimatda kibertəhlükələrdən qorunma istiqamətində maarifləndirici
məlumatlar verilib.

Maarifləndirmə təliminin keçirilməsində məqsəd “Məktəblinin
dostu” layihəsinin əməkdaşlarını kibertəhlükəsizlik sahəsində
maarifləndirmək, kibergigiyena qaydaları və onlayn mühitdə
təhlükəsizlik qaydaları haqqında məlumatlandırmaqla, həmin
əməkdaşların bu məlumatları regiondakı məktəblilərə çatdırmasını
təmin etməkdir.