Advertisement

Xaçmazda “Kitabsevərlər” adlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyəti və Quba- Xaçmaz Regional Təhsil
İdarəsinin birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın
doğum günü və “23 Aprel – Ümumdünya kitab və müəlliflik hüququ
günü” münasibətilə “Kitabsevərlər” adlı tədbir keçirilib.

Zəfər Parkında təşkil olunan tədbirdə Xaçmaz Rayon İcra
Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası
Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, Quba-Xaçmaz
Regional Təhsil İdarəsinin müdiri Çoşqun Əliyev, rayon
ictimaiyyətinin nümayəndələri, məktəblilər, yeniyetmə və gənclər
iştirak ediblər.

Tədbir iştirakçıları məktəblilərin əl işlərindən ibarət rəsmlər
və müxtəlif məzmunlu kitab sərgisi ilə tanış olublar. Sərgidə
Ümummilli Liderimiz Heydər Əliyevin, görkəmli oftalmoloq alim
Zərifə Əliyevanın həyat və yaradıcılığından bəhs edən kitablar və
rəsmlər çoxluq təşkil edib. Həmçinin Müzəffər Ali Baş Komandan,
Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbəmizi özündə
əks etdirən rəsm əsərləri iştirakçılar tərəfindən maraqla
izlənilib. Məktəblilər müxtəlif şeirlər səsləndirib, sərgidə
nümayiş etdirilən kitablardan mütaliə ediblər.

Rayonda fəaliyyət göstərən ümumtəhsil məktəbləri və məktəbəqədər
təhsil müəssisələri tərəfindən özündə müxtəlif nağıl qəhrəmanları,
şair və yazıçılar haqqında təqdimatları ehtiva edən ədəbi-bədii
kompozisiyalar nümayiş olunub. Vətənimizi və Şanlı Zəfərimizi
tərənnüm edən mahnılar səsləndirilib.
Sonda “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində Zəfər
parkında ağacəkmə aksiyası təşkil olunub.