
Bakı. Trend:
Hərbi Prokurorluqda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd
Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər
vəzifəli şəxslərinin iştirakı ilə 2023-cü ildə Respublikanın Hərbi
Prokurorluq orqanlarında qeydə alınmış qəsdən adam öldürmə, qəsdən
adam öldürməyə cəhd və özünü öldürmə həddinə çatdırma cinayətləri
üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyin vəziyyətinin,
cinayət hadisələrinin baş verməsinin səbəb və şəraitinin, həmin
cinayətlər üzrə istintaq təcrübəsi və məhkəmə nəticələrinin
ümumiləşdirilməsinin müzakirəsinə həsr olunmuş geniş kollegiya
iclası keçirilib.
Respublika Hərbi Prokurorluğundan Trend-ə bildirilib ki, əvvəlcə
kollegiya iştirakçıları Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin
əziz və unudulmaz xatirələrini bir dəqiqəlik sükutla anıb, qazilərə
şəfa diləyiblər.
Kollegiya iclasında çıxış edən Baş prokurorun müavini – Hərbi
prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki,
Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin mükəmməl
siyasətini dövrün tələblərinə uyğun reallaşdıran Prezident İlham
Əliyevin hərtərəfli bilik və bacarığı, qətiyyəti, yorulmaz
fəaliyyəti ilə xalqın müdrikliyinin və əzmkarlığının vəhdəti
sayəsində dövlətimizin daha da qüdrətlənməsi və əhalinin rifahının
bütün istiqamətlər üzrə yaxşılaşdırılması prosesinin davamlılığı
uğurla təmin olunur. O, həmçinin vurğulayıb ki, Prezidentin ölkəyə
rəhbərlik etdiyi 20 ildə əldə edilən misli görünməmiş uğurlarda
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın zəngin fəaliyyəti
də mühüm əhəmiyyət kəsb etməkdədir.
Bundan sonra, məruzəçilər – İstintaq İdarəsinin rəisi, ədliyyə
polkovniki Bəhruz Əhmədov və Hərbi prokurorluqlarda istintaqa
nəzarət şöbəsinin rəisi, ədliyyə polkovniki Hümmət Məmmədov
kollegiya iclasının həsr olunduğu məsələlər barədə çıxış edərək,
bununla bağlı hesabat dövründə görülmüş işlərdən danışıb. Həmin
cinayətlərin qarşısının alınması ilə əlaqədar hərbi prokurorluq
orqanlarının və aidiyyəti qurumların qarşısında duran vəzifələrin
yerinə yetirilməsi üçün görülməli olan tədbirlər barədə məlumat
veriblər. Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib ki, Prezident
İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Silahlı
Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə
möhkəmləndirilib, şəxsi heyəti peşəkar hərbi qulluqçularla
komplektləşdirilib, hərbçilərin nəzəri bilik və peşə, həmçinin
mənəvi-psixoloji hazırlıq səviyyəsi artırılıb, qeyd olunanlar
nizam-intizamın və qanunçuluğun daha da möhkəmlənməsini
şərtləndirib.
Sonra Hərbi prokuror Xanlar Vəliyev kollegiya iclasının həsr
olunduğu cinayətlərin istintaq və məhkəmə təcrübəsinin ildə iki
dəfə ümumiləşdirilərək Respublika Hərbi Prokurorluğunun
kollegiyalarında Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin,
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli
şəxslərinin iştirakı ilə müzakirə edilməklə, kollegiyaların
qərarlarına əsasən, həmin cinayətləri doğurmuş səbəb və şəraitin
aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə
dair aidiyyəti qurumların rəhbərlərinə məlumat məktubları,
komandanlıqlara təqdimatlar, ərazi hərbi prokurorlarına icmal
məktublar göndərilməsinin, həmçinin hər ilin əvvəlində tərtib
edilmiş birgə tədbirlər planlarına əsasən nizam-intizamın,
qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizədə
birlikdə görülən digər işlərin cinayətlərin, o cümlədən bu qəbildən
olan cinayətlərin qarşısının alınmasındakı xüsusi rolunu qeyd edib.
O qarşılıqlı səmərəli fəaliyyətə görə adları çəkilən qurumların
rəhbərlərinə təşəkkürünü bildirib.
Ədliyyə general-leytenantı Xanlar Vəliyev xüsusi vurğulayıb ki,
bütün bunların nəticəsində 2023-cü ilin birinci rübü ilə müqayisədə
2024-cü ilin eyni dövründə qeydə alınmış qəsdən adam öldürmə
cinayətləri 50 faiz, özünü öldürmə hadisələri 40 faiz azalıb,
qəsdən adam öldürməyə cəhd cinayətləri isə ümumiyyətlə qeydə
alınmayıb.
Kollegiya iclasına yekun vuran Hərbi prokuror Xanlar Vəliyev
diqqətə çatdırıb ki, cinayət hadisələrinin, o cümlədən bu qəbildən
olan cinayətlərin qarşısının alınması istiqamətində Hərbi
Prokurorluğun aidiyyəti qurumlarla birgə fəaliyyəti bundan sonra da
uğurla davam etdiriləcək.





























