Advertisement

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)

Bakı. Trend:

Aprelin 26-da Heydər Əliyev Fondunda Türkiyənin Sıfır Atık Fondu
ilə görüş keçirilib.

Trend xəbər verir ki, Heydər Əliyev Fondunun icraçı direktoru
Anar Ələkbərov Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın
rəhbərlik etdiyi Fondun fəaliyyət istiqamətləri, həyata keçirilən
layihələr haqqında danışıb.

2004-cü il mayın 10-da yaradılan və bu il fəaliyyətinin 20 ili
tamam olan Heydər Əliyev Fondunun prioritet sahələrindən birinin
ətraf mühitin qorunması üzrə layihələr olduğunu bildirən Anar
Ələkbərov Fondun bu istiqamətdə reallaşdırdığı və nəzərdə tutulan
tədbirlərini diqqətə çatdırıb.

Görüşdə bu il Azərbaycanın COP29 kimi mühüm beynəlxalq tədbirə
ev sahibliyi edəcəyi, ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə
qarşı mübarizəyə qoşulduğu, Azərbaycan Respublikası Prezidenti
İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizi “Yaşıl enerji”
zona elan etdiyi, həmin ərazilərin 2050-ci ilədək “Netto sıfır
emissiya” zonasına çevrilməsinin planlaşdırıldığı bildirilib. Qeyd
edilib ki, Heydər Əliyev Fondu ətraf mühitin qorunması
istiqamətindəki layhələri ilə ölkəmizdə bu sahədə reallaşdırılan
işlərə önəmli dəstək verir.

Türkiyə Respublikasının Birinci xanımı Әminə Әrdoğanın təşəbbüsü
ilə yaradılan Sıfır Atık Fondunun Qəyyumlar Şurasının sədri Samed
Ağırbaş və Fondun Qəyyumlar Şurası sədrinin köməkçisi Gökhan Cangi
təmsil etdikləri qurumun əsas məqsədinin ətraf mühitin, insan
sağlamlığının qorunması olduğunu bildiriblər, tullantı sularının
təkrar istifadəsi və təkrar emalının təşviqi kimi məsələlərə xüsusi
önəm verdiklərini və bu istiqamətdə həyata keçirilən layihələri
qeyd ediblər.

Görüşdə Heydər Əliyev Fondu ilə Sıfır Atık Fondu arasında COP29
çərçivəsində, eyni zamanda ətraf mühitin mühafizəsi sahəsində
əməkdaşlığı, mədəni mübadilənin təşviqi və mədəni irsin qorunması
sahəsində əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumu
imzalanıb.