
Bakı. Trend:
Aprelin 26-da Azərbaycanda səfərdə olan Türk dövlətləri
parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi
şəhərinə gəliblər. Qonaqlar Xankəndi şəhəri ilə tanış olublar.
Parlamentdən Trend-ə bildirilib ki, sonra Şuşaya gələn qonaqlar
Mərkəzi Meydan, Yuxarı Gövhərağa məscidi ilə tanış olublar, Qala
divarlarını və Xan qızı bulağını seyr ediblər. Qonaqlara şəhərin
tarixi, işğal dövründəki vəziyyəti və Şuşada cənab Prezident İlham
Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın
birbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəki
tarixi abidələrin bərpası və nəzərdə tutulan planlar barədə məlumat
verilib.
Sonra qonaqlar Cıdır düzünə gəliblər. Bildirilib ki, qəhrəman
əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır
düzünə qalxıb, canları və qanları bahasına Şuşanı işğaldan azad
ediblər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm
tədbirlərin keçirilməsi məkanına çevrilib.
Səfər zamanı qonaqları Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov,
deputatlar Cavanşir Feyziyev, Sahib Alıyev, Elman Nəsirov, Azər
Kərimli, Nəsib Məhəməliyev, Sabir Hacıyev və digər rəsmi şəxslər
müşayiət ediblər.





























