
Bakı. Trend:
Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək
“Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.
Trend xəbər verir ki, 7-ci dəfədir təşkil ediləcək Bakı Marafonu
üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib.
Marafonda 200-dən çox fəxri qonağın, 6 mindən çox tələbənin
iştirakı gözlənilir. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı,
ölkədə yaşayıb-çalışan əcnəbilər, həmçinin digər ölkələrdən də
qoşulanlar var. Belə ki, qeydiyyatdan keçənlərin siyahısında
Almaniya, Çin, Fransa, Gürcüstan, Hindistan, İraq, İran, İtaliya,
Kanada, Qazaxıstan, Pakistan, Rusiya, Suriya, Türkiyə, Ukrayna və
digər ölkələrin vətəndaşları yer alıblar.
Marafonun marşrutu: Dövlət Bayrağı Meydanı – Dənizkənarı bulvar
– Bakı Beynəlxalq Dəniz Vağzalı – Neftçilər prospekti – Bakı Ağ
Şəhər bulvarı – Xəqani Rüstəmov küçəsi – Bakı Ağ Şəhər bulvarı, 8
Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi – Afiyəddin
Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, “Cavanşir”
körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi – Neftçilər prospekti,
Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı
bulvar boyunca hərəkət edərək (Su İdmanı Sarayının arxası, Bakı
Kristal Zalı) – Dövlət Bayrağı Meydanı.





























