Advertisement

10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışdı

Bakı. Trend:

Aprelin 27-də IX və X sinif şagirdləri arasında təşkil olunan
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi
keçirilib.

Trend xəbər verir ki, bu
barədə Elm və Təhsil Nazilriyi məlumat yayıb.

Bildirilib ki, olimpiadanın ilkin mərhələsində 10 minə yaxın
şagird iştirak edib.

Bu mərhələ çərçivəsində olimpiadanı izləmək üçün Bakı şəhəri
Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbə mediatur təşkil
olunub. Mediaturda Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutunun
rəsmiləri, millət vəkilləri, Qərbi Azərbaycan İcmasının üzvləri və
media nümayəndələri iştirak ediblər.

Olimpiadanın Bakı mərhələsində 975 şagird iştirak edib.

İkin mərhələnin nəticələri əsasında olimpiadanın regional
mərhələsində iştirak edəcək şagirdlər müəyyən olunacaq.

Olimpiadanın final mərhələsinin iyun ayında Naxçıvan Muxtar
Respublikasında keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, olimpiada Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar
Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi
Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı
ilə həyata keçirilir.

Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi
Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli
ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru
haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən
öyrənilməsini təmin etməkdir.