
Bakı. Trend:
Metronun “Koroğlu” stansiyasının yaxınlığında yol polisinə
tabesizlik göstərərək qaçmağa çalışan motosiklet sürücüsü, paytaxt
ərazisində narkokuryerlik edən 2002-ci il təvəllüdlü Əliyev Tofiq
Taleh oğlu barəsində Nizami Rayon Polis İdarəsinin İstintaq
Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi
başlanılıb.
Bu barədə Trend-ə Daxili
İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmin şəxsdən 2
kiloqrama yaxın heroin, 105 qram tiryək, 2 qram metamfetamin,
marixuana və narkotiklərin satışında istifadə etdiyi elektron
tərəzi götürülüb.
Qeyd edilib ki, T.Əliyev ötən gün Nizami Rayon Polis İdarəsinin
və Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma zamanı onun idarə etdiyi motosikletlə kuryer xidməti adı
altında paytaxt ərazisində narkotiklərin satışı və daşınması ilə
məşğul olduğu müəyyən olunub. T.Əliyev bu səbəbdən yol polisi ona
“saxla” işarəsi verən zaman qaçmağa cəhd göstərib.





























