Advertisement

Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilmiş Beynəlxalq Elmi-praktik konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik
Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan
Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə 28 aprel 2024-cü il
tarixində Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə
həsr edilmiş “Oftalmologiyanın müasir aspektləri” adlı Beynəlxalq
Elmi-praktik konfrans keçirilib.

Trend-in məlumatına görə, konfransın keçirilməsində əsas məqsəd
oftalmologiya sahəsində baş verən yeniliklərdən, oftalmologiyanın
aktual məsələlərindən danışılıb.

Konfransda Milli Oftalmologiya Mərkəzinin və respublikanın digər
alimləri və oftalmoloqları öz məruzələri ilə çıxış ediblər.

Qeyd olunub ki, Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademik
Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna
xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın,
dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və
elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz
xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə
oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı
tədqiqatların müəllifidir.

Onun “Gözün və görmə siniri yolunun yaşla əlaqədar
dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik və
fizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabet
zamanı gözün patologiyası”, “Oftalmologiyanın aktual problemləri”
və bu kimi digər monoqrafiyaları çap edilib.

Ümumiyyətlə onun 200-ə qədər elmi işi, 14 monoqrafiyası və 12
səmərələşdirici təklifləri var idi. Z.Əliyeva yüksək ixtisaslı
səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin
direktoru, Azərbaycan Oftalmloloqlar Cəmiyyətinin sədri, professor
Elmar Qasımov konfransı açıq elan edib.

Konfransda “Zirvələrə yüksələn zərif insan ömrü”, “Difraktif ve
EDOF göz içi lensleri, kime hangi IOL?”, “Принципы ортокератологии:
механизмы действия и клинические результаты”, “Vitreoretinal
cərrahiyyədə retinektomiyanın tətbiqi”, “Gözdaxili linzalarda yeni
era”, “ROP fəsadları və müalicəsi”, “Kosmetologiyada istifadə
olunan lazer cihazlarının görmə orqanına zədələyici təsiri ”,
“Использование склеральных линз в сложных случаях аметропии:
проблемы, решения, перспективы”, “Viral uveitin müasir risk
faktorları” və s. mövzularında çıxışlar dinlənilib.

Konfransda həmçinin Rusiyadan, Türkiyədən və digər
müəssisələrdən və mərkəzdən həkim heyəti iştirak edərək, öz
təqdimatları ilə məruzə ediblər.