Advertisement

Yanğından mühafizə fəaliyyəti üzrə çalışan bəzi müəssisələrin lisenziyaları ləğv olundu

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti
səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin
təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam
etdirir.

FHN-dən Trend-ə verilən məlumata görə, bu məqsədlə Xidmət
tərəfindən yanğından mühafizə fəaliyyəti sahəsində müvafiq
lisenziya almış müəssisələrdə lisenziyanın şərtlərinə riayət
olunması, həmçinin, müəssisələrin gördüyü işlər və göstərdiyi
xidmətlərlə bağlı mütəmadi olaraq nəzarət tədbirləri həyata
keçirilir.

Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən
aparılmış planlı yoxlamalar zamanı “Yanğından mühafizə
sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və
təmiri”, eləcə də “Yanğınsöndürmə ləvazimatının, ilkin
yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət,
yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası” fəaliyyət
növləri üzrə lisenziyaya malik “Con-Sol Group” və “Yanğından
mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki
xidməti və təmiri” fəaliyyət növü üzrə lisenziyaya malik “Prokon”
Məhdud Məsuliyyətli cəmiyyətlərinin qeyd olunan fəaliyyət növləri
üzrə lisenziyaların şərtlərinə əməl etmədiyi aşkar olunub.

Belə ki, keçirilmiş yoxlamalar zamanı müəyyən edilib ki,
sözügedən müəssisələr fəaliyyət növünün xüsusiyyətindən asılı
olaraq qanunvericiliyin tələblərinə uyğun müvafiq ixtisasa malik
mütəxəssislərlə və işçi heyətlə, istifadə olunacaq avadanlıqlarla,
eləcə də müvafiq işləri aparmaq üçün maddi-texniki baza ilə təmin
olunmayıb.

Qeyd edilib ki, fəaliyyətlərində ciddi qanun pozuntuları aşkar
olunan yanğından mühafizə fəaliyyəti üzrə lisenziyaya malik belə
müəssisələr tərəfindən görüləcək işlərin və göstəriləcək
xidmətlərin baş verə biləcək yanğınların söndürülməsi işində
qeyri-effektivliyi şübhə doğurmur ki, bu da öz növbəsində baş verə
biləcək yanğınlar zamanı insan həyatı və ya sağlamlığına, ətraf
mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaradır.

Qeyd olunanları nəzərə alaraq, “Lisenziyalar və icazələr
haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü bəndinə əsasən,
aidiyyəti üzrə qaldırılmış vəsatətlər nəticəsində yanğından
mühafizə fəaliyyəti üzrə lisenziyanın şərtlərinə riayət etməyən adı
çəkilən müəssisələrin müvafiq lisenziyaları ləğv olunub.

Dövlət Yanğın Nəzarəti Xidməti bu sahədə pozuntuların aşkar
olunması və aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin
görülməsini davam etdirir.