
Bakı. Trend:
4-5 may 2024-cü il tarixlərində “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” Açıq Səhmdar
Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi
Agentliyinin – AZPROMO-nun dəstəyi ilə İçərişəhərdə Azərbaycanın
ilk Milli Xalça Festivalı keçiriləcək.
İki gün davam edəcək festivalda İçərişəhər ərazisində xalçaçılıq
sənətinə həsr edilən bir sıra tədbirlərin keçirilməsi nəzərdə
tutulur. Bura qədim, müasir, eləcədə müəllif xalçalarından ibarət
eksklüziv sərgilərin nümayişi, xalçatoxuma sənəti ilə bağlı
böyüklər və uşaqlar üçün ustad dərsləri, maarifləndirici
seminarlar, interaktiv teatr tamaşası, yarmarka, muğam axşamı və
konsert proqramı daxildir. Milli Xalça Festivalı günlərində
İçərişəhərin küçələri xalçalar və xalça ornamentli xüsusi
dekorasiyalar ilə bəzədilərək xalçaların rəngarəng və sehirli
gözəlliyinə bürünəcək.
Xalçatoxuma sənəti ilə maraqlanan hər kəs xalçanın ərsəyə
gəlməsinin bütün mərhələləri, xüsusən, ipliklərin boyanması,
çeşnilərin və naxışların vurulması, xalçanın toxunması, emalı,
yandırılması, yuyulması prosesi ilə yaxından tanış ola biləcəklər.
Ustad dərsləri zamanı “Azərxalça” ASC-nin Azərbaycanın 14
regionundan gəlmiş toxucu və emal komandası qonaqlara xalça dəzgahı
üzərində dərslər təqdim edəcəklər. Həmçinin, Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi
Milli Xalça Festivalında öz stendləri ilə təmsil olunacaqlar.
Qeyd edək ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan
İçərişəhərin ev sahibliyi edəcəyi Milli Xalça Festivalı Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2016-cı il
tarixli Sərəncamı ilə təsis edilmiş “Xalçaçı günü” peşə bayramına
həsr edilir və UNESCO-nun Qeyri-maddi mədəni irs nümunələri
siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənətinin təşviqi və
yaşadılması missiyasını daşıyır.
Şəhərimizin bütün sakinlərini və qonaqlarını ilk Milli Xalça
Festivalında gözləyirik!





























