
Bakı. Trend:
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, M.S.Ordubadi küçəsi
7A ünvanında fəaliyyət göstərən bazarda Qida Təhlükəsizliyi
Agentliyinin əməkdaşları tərəfindən planlı yoxlama keçirilib.
Bu barədə Trend-ə Azərbaycan
Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, baxış zamanı bazarda sanitar-gigiyenik və
sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, qida təhlükəsizliyi
sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu
aşkar edilib.
Bazarın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət
göstərdiyi, qida məhsullarının saxlanması və satışı üzrə tələblərə
uyğun müvafiq avadanlıqlarla təmin edilmədiyi, üzərində etiket
məlumatları olmayan müxtəlif çeşiddə məhsulların satışının həyata
keçirildiyi məlum olub.
Eyni zamanda xüsusi risk qrupuna aid məhsulların temperatur
rejiminə əməl olunmadığı, mal qonşuluğu prinsipinin pozulduğu,
işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi
geyimlə təmin olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı
və digər nöqsanlar aşkarlanıb. Bazarda satışı həyata keçirilən və
üzərində qanunvericiliyə uyğun markalanma aparılmayan məhsullardan
nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq
laboratoriyasına təqdim edilib.
Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq
bazar rəhbəri barəsində inzibati protokol tərtib olunub. Bazarın
daxilində ət və ət məhsulları, süd və süd məhsullarının, eyni
zamanda təşkil edilmiş piştaxtalar üzərində qida məhsullarının
satışının qadağan edilməsi barəsində məhdudlaşdırıcı qərar qəbul
edilib.
Agentlik bir daha bazar rəhbərlərinin nəzərinə çatdırır ki, bu
satış və ticarət müəssisələrində sanitariya-gigiyena qaydalarına,
mal qonşuluğu prinsiplərinə ciddi riayət edilməli, tez xarab olan
məhsulların (ət və süd məhsulları) satışı üçün sahələr soyuducu
şkaf və ya soyuducu vitrin, həmçinin dondurucularla təchiz
olunmalı, qida məhsulları onların təhlükəsizliyini təmin edə
biləcək üsullarla qablaşdırılmalı, məhsulların etiketlənməsi dəqiq,
aydın, istehlakçılar üçün tam başa düşülən və oxunaqlı olan tərzdə
həyata keçirilməli, qida ilə təmasda olan işçilər ilkin və dövri
tibbi müayinədən keçməli, xüsusi geyimlə təmin edilməlidir.
Qida təhlükəsizliyi tələblərinə əməl etməyən bazar rəhbərləri
barəsində ən sərt tədbirlər görüləcək.





























