
Bakı. Trend:
Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri davam
etdirilir.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
(AAYDA) məlumat yayıb.
Təmir işləri sözügedən avtomobil yolunun 9-14-cü km-lik
hissəsində (“Binə” ticarət mərkəzindən Biləcəri qəsəbəsi
istiqamətində) icra olunur.
Sözügedən hissə uzun müddət əsaslı təmir olunmadan istismar
olunurdu. Artıq yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar
müşahidə edilirdi. Bu isə yolda rahat və maneəsiz hərəkətə maneə
yaradırdı.
Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün üst qatının
frezlənərək kənarlaşdırılması işləri icra olunur. Bu səbəbdən
sözügedən hissədə hərəkət qismən məhdudlaşdırılıb. Sürücülərdən
qeyd olunan ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti
yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət
etmələri xahiş olunur.
Daha sonra yeni asfalt-beton örtüyü döşənəcək və üfüqi
nişanlanma xətlərinin çəkilişi icra olunacaq.
Təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi
sayda canlı qüvvə və texnika cəlb edilib.
Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları,
ərazidə hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur.





























