
Bakı. Trend:
Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin
əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı
Xırdalan şəhəri, Masazır, Novxanı, Saray və digər qəsəbə
ərazilərində silsilə əməliyyatlar həyata keçirilib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən xəbərə görə, tədbirlər
zamanı paytaxt sakinləri Əvəz Alışov, Rövşən Qurbanov, əvvəllər
məhkum olunmuşlar Hacıəli İmanov, Orxan Vəliyev, Təbriz Cəfərov və
Sərdar Əsgərov saxlanılıblar. Onlardan, idarə etdikləri
avtomobillərindən, paytaxt və Abşeron rayonun müxtəlif ünvanlardakı
mənzillərində 5 kiloqrama yaxın heroin, marixuana, metamfetamin və
psixotrop tərkibli həblər aşkar olunaraq götürülüb.
Araşdırma zamanı saxlanılan şəxslərin qeyri-qanuni yollarla
İrandan ölkəmizə gətirilən narkotikləri satmaq məqsədi ilə əldə
etdikləri müəyyən olunub.
Qeyd edilib ki, saxlanılan şəxslər narkotiklərin bir qismini
“izi” itirmək məqsədi ilə qəbirstanlıqda məzar daşlarının yanında
gizlətməkdən belə çəkinməyiblər.
Faktla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq
tədbirləri davam etdirilir.





























