Advertisement

ADA Universitetində Tofiq Əhmədovun 100 illiyinə həsr olunmuş caz konserti keçirilib (FOTO)

Bakı. Trend:

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşəbbüsü və
təşkilatçılığı, ADA Universitetinin, eləcə də Mədəniyyət
Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən Bakı Beynəlxalq Caz
Günü ilə bağlı silsilə tədbirlər davam edir.

Trend xəbər verir ki, bu tədbirlər çərçivəsində aprelin 29-da
ADA Universitetində “Azərbaycanda caz orkestrləri ənənəsi: keçmiş
və bu gün” mövzusunda diskussiya-konsert olub. Konsert Xalq
artisti, dirijor, caz ifaçısı, musiqi sənətinin tanınmış
nümayəndəsi Tofiq Əhmədovun 100 illiyinə həsr edilib.

Konsertdən əvvəl çıxış edən ADA Universitetinin prorektoru Fariz
İsmayılzadə təhsil ocağında hər zaman Azərbaycanın tarixi
şəxsiyyətlərinə həsr olunmuş yaradıcılıq gecələrinin təşkil
edildiyini bildirib. “ADA Universitetində cazsevərlər çoxdur.
Bugünkü tədbir Tofiq Əhmədovun yaradıcılığına həsr edilib. Bütün
bunlar Azərbaycan mədəniyyətini yaxşı tanımaları üçün gənclərimizə
məlumat vermək məqsədi daşıyır”, – deyə F.İsmayılzadə
vurğulayıb.

Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə görkəmli dirijor və caz
ifaçısı Tofiq Əhmədovun həyat və yaradıcılığından danışıb. Bildirib
ki, sevilən dirijorun rəhbərlik etdiyi estrada orkestri janrın
inkişafında olduqca böyük əhəmiyyət kəsb edib.

Sonra Vyana Musiqi və Səhnə Sənətləri Universitetinin dosenti,
trombon ifaçısı, bəstəkar, aranjimançı və “Big Band”ın rəhbəri
Markus Geyzelxart “Almaniya və Avstriyada caz orkestrləri:
keçmiş-bu gün-gələcək” mövzusunda məruzə ilə çıxış edib.

Digər çıxış edənlər Azərbaycanda caz musiqisinin tarixindən
danışıblar. Həmçinin Azərbaycanda caz musiqisinin özünəməxsus
ənənələrinin olduğu vurğulanıb.

Çıxışlardan sonra söz caz musiqiçilərinə verilib.

Müxtəlif kompozisiyaların səsləndiyi konsert proqramında sözlə
ifadə olunması mümkün olmayan caz musiqisi zərifliyi ilə
dinləyiciləri valeh edib.

Qeyd edək ki, Tofiq Əhmədov 1924-cü il fevralın 28-də Bakıda
anadan olub. O, Azərbaycan Dövlət Konservatoriyasında klarnet
ixtisası üzrə təhsil aldıqdan sonra Moskvanın məşhur caz
qruplarında fəaliyyətə başlayıb. Tofiq Əhmədov qısa zamanda
Moskvada həm mütəxəssislərin, həm dinləyicilərin rəğbətini
qazanıb.

Tofiq Əhmədovun yaradıcılığının böyük bir hissəsi Azərbaycan
Televiziya və Radiosu ilə bağlıdır. O, 1961-ci ildə “Biz Bakıdanıq”
estrada ansamblının solistləri əsasında estrada orkestri yaradıb.
Kollektivə Asəf Zeynallı adına Musiqi Texnikumundan, Üzeyir
Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasından (indiki Bakı
Musiqi Akademiyası) tələbələri və məzunları dəvət edib. Bu
axtarışları sayəsində orkestr mükəmməl kollektiv kimi formalaşıb.
Tofiq Əhmədov ömrünün sonuna qədər kollektivin bədii rəhbəri və baş
dirijoru olub.

2010-cu ildə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı
Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən estrada simfonik
orkestrinə Tofiq Əhmədovun adı verilib.