Advertisement

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək (VİDEO)

Bakı. Trend:

Mayın 4-də Heydər Əliyev Mərkəzində “20 ilin sədası” konsert
proqramı təqdim olunacaq.

Trend xəbər verir ki, konsert həm iştirakçıları, həm də
repertuarı ilə rəmzi məna daşıyır.

Belə ki, bu il yaranmasının 20 ili tamam olan Heydər Əliyev
Fondu fəaliyyəti dövründə hər zaman gənc istedadlara, mədəniyyət və
insəcənət sahəsinə dəstək göstərib, mədəniyyətimizin geniş
təbliğinə yönələn layihələr həyata keçirib.

Heydər Əliyev Fondu istər gənclərimizin təhsil almasına, istərsə
də beynəlxalq müsabiqə və festivallarda iştirakına dəstək olub.
Fondun ayrı-ayrı sahələrdəki layihələri, o cümlədən muğam
müsabiqələri, milli, klassik və caz musiqisi ilə bağlı layihələri,
müxtəlif musiqi festivalları yeni istedadların üzə çıxarılmasına,
onların inkişafına təkan verib.

Mayın 4-dəki konsert proqramında da məhz bu incəsənət xadimləri
– Heydər Əliyev Fondunun yaradıcılıqlarında iz qoyduğu, dönüş və
sıçrayış yaratdığı, dəstək göstərdiyi mədəniyyət və incəsənət
xadimləri – Azər Zadə (tenor), Azər Zeynalov (tenor), Ceyla
Seyidova (violin), Elçin Əzizov (bariton), Emil Əfrasiyab (piano),
Elvin Hoca Qəniyev (violin), Fərhad Bədəlbəyli (piano), İsfar
Sarabski (piano), Mirələm Mirələmov (xanəndə), Murad Adıgözəlzadə
(piano), Samir Cəfərov (tenor), Təyyar Bayramov (xanəndə) və
digərləri çıxış edəcək.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə 20
illik fəaliyyətində ulu öndər Heydər Əliyevin ideyalarına
əsaslanan, elm və təhsil, səhiyyə, sosial və digər sahələrdəki
önəmli layihələri ilə mühüm nailiyyətlərə imza atan, ən əsası isə
insanların sevgi və inamını qazanan Heydər Əliyev Fondunun gördüyü
işlərdə milli-mədəni, mənəvi dəyərlərimizin qorunub saxlanılması,
onların təbliği xüsusi önəm kəsb edir. Heydər Əliyev Fondu ötən
illərdə mədəniyyət sahəsinin inkişafına öz töhfələrini verib və
Fondun 20 illiyi ərəfəsində keçirilən konsert də həmin uğurların
kiçik bir hissəsinin nümayişi sayıla bilər.