Advertisement

Kütləvi məzarlıqlarda 600 şəxsə aid meyit qalıqları aşkarlanıb – Baş Prokurorluq

Bakı. Trend:

27 aprel 2024-cü il tarixinə ümumilikdə ən azı 600 şəxsə aid
meyit qalıqları aşkar edilərək götürülüb (onlardan 124-ü 2022-ci
ildə, 133-ü 2023-cü ildə, 48-i isə 2024-cü ildə aşkar edilib).

Trend xəbər verir ki, bunu Baş prokurorluğun İstintaq idarəsinin
əməkdaşı Selcan Familzadə bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, istintaq zamanı genetik profilləri
çıxarılaraq məlumat bankına yerləşdirilməsi və itkin düşmüş
şəxslərin ailə üzvlərindən götürülmüş bioloji nümunələrdən
çıxarılan genetik profillərlə eyniləşdirmə aparılması, habelə
təqdim edilən sümüklərin insana aid olub-olmaması, neçə şəxsə
mənsub olması, ölümün səbəbi və sair sualların aydınlaşdırılması
üçün 362 məhkəmə tibbi-kriminalistik ekspertizası və Ermənistan
tərəfindən Şuşa və Xankəndi şəhərlərində təhvil verilmiş meyit
qalıqları üzrə 54 (1-i 2024-cü ildə), işğaldan azad edilmiş
ərazilərdə aşkar edilmiş meyit qalıqları üzrə 71 (20-i 2023-cü
ildə, 3-ü isə 2024-cü ildə), ölkə ərazisindəki naməlum şəhid
məzarlıqlarında dəfn edilmiş şəxslərin meyit qalıqları üzrə 193
(1-i 2023-cü ildə, 8-i isə 2024-cü ildə) olmaqla, ümumilikdə 318
(21-i 2023-cü ildə, 12-i isə 2024-cü ildə) məhkəmə
molekulyar-genetik ekspertizası təyin edilib, onlardan 252 məhkəmə
tibbi-kriminalistik və 23 məhkəmə molekulyar-genetik
ekspertizalarının rəyləri tərtib edilərək, istintaq orqanına təqdim
edilib.

Xatırladaq ki, Xocalı şəhəri ərazisində qazıntılar zamanı
kütləvi məzarlıqda 21 nəfərin, daha sonra isə Xocalı rayonunun
Malıbəyli kəndində 8 nəfərin qalıqları aşkar olunub. Ümumilikdə isə
bu günə qədər Xocalıda qalıqları tapılan 29 nəfərdən 9 nəfərin
kimliyi müəyyən edilmişdi.