
Bakı. Trend:
Tapılan insan qalıqları heç bir fərdiləşmə aparılmadan
basdırılıb.
Trend xəbər verir ki, bunu Baş prokurorluğun kriminalistika
şöbəsinin rəisi Orxan Rzayev bu gün keçirilən brifinqdə deyib.
O.Rzayev bildirib ki, “Hərbi əsirlərlə rəftara dair” və
“Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” 12 avqust
1949-cu il tarixli Cenevrə Konvensiyalarının və “Beynəlxalq silahlı
münaqişə qurbanlarının müdafiəsinə dair” həmin Konvensiyalara 08
iyun 1977-ci il tarixli 1 №-li əlavə Protokolun müddəaları kobud
surətdə pozulub.
“Bu barədə xüsusilə qeyd etmək istəyirəm ki, müharibə zamanı
mülki şəxslərin müdafiəsi ilə bağlı 12 avqust 1949-cu il tarixli
Cenevrə konvensiyasının tələblərinə əsasən münaqişə tərəflərinin
üzərinə cəsədlərin fərdi qaydada dəfn olunması, bundan əvvəl ölümün
təsdiq olunması, ölən şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və
bu barədə hesabatın hazırlanması öhdəlik kimi qoyulub.
Həmin Konvensiyaya əsasən, münaqişə tərəfləri ölənlərin
ləyaqətlə və mümkün qədər mənsub olduqları dinin tələblərinə uyğun
şəkildə dəfn edilməsini, həmişə tapıla bilən olması üçün lazimi
qaydada qorunmasını və nişanlanmasını təmin etməlidirlər.
Qeyd edilən kütləvi məzarlıqlara baxış keçirilərkən aşkar
edilmiş insan qalıqlarının mövcud vəziyyətinə əsasən onların
bir-birinin üzərində heç bir fərdiləşmə aparılmadan basdırıldığı
müəyyən edilib”, – o qeyd edib.
Xatırladaq ki, Xocalı şəhəri ərazisində qazıntılar zamanı
kütləvi məzarlıqda 21 nəfərin, daha sonra isə Xocalı rayonunun
Malıbəyli kəndində 8 nəfərin qalıqları aşkar olunub. Ümumilikdə isə
bu günə qədər Xocalıda qalıqları tapılan 29 nəfərdən 9 nəfərin
kimliyi müəyyən edilmişdi.





























