
Bakı. Trend:
Artıq ölkənin Şimal bölgəsində ilkin hərbi qeydiyyata alınan və
müddətli həqiqi hərbi xidmətə çağırılan, habelə təkrar tibbi
şəhadətləndirilməyə cəlb edilən vətəndaşların tibbi müayinəsi
regional tibb müəssisəsində – Quba Rayon Mərkəzi Xəstəxanasında
(RMX) aparılacaq.
Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.
İlkin hərbi qeydiyyata alınan və hərbi xidmətə çağırılan
vətəndaşların tibbi müayinəsinin regional xəstəxanada aparılması
ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti,
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi
Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən birgə pilot
layihənin icrasına başlanılır. Belə ki, 6 may 2024-cü il tarixindən
Xidmətin Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonları üzrə
ilkin hərbi qeydiyyata alınan və müddətli həqiqi hərbi xidmətə
çağırılan vətəndaşların Quba RMX-də tibbi müayinəsi aparılacaq.
Bu məqsədlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin rəisi Mürsəl İbrahimov və İcbari Tibbi Sığorta üzrə
Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev razılaşma
sənədi imzalayıblar. Layihənin əsas məqsədi tibbi müayinələrin
aparılması işinin mərkəzləşdirilməsi, yaxın məsafədə tibbi xidmətin
əlçatanlığını və vətəndaş məmnunluğunu təmin etməkdir.
Vətəndaşların qəbulu və əyani olaraq tibbi yoxlamanın aparılması
üçün Quba şəhəri, Fətəli Xan küçəsi 42 ünvanında yerləşən Quba
RMX-də qəbul və müvafiq otaqlar ayrılıb. Müayinə otaqları bütün
lazımi avadanlıqlarla təchiz edilib.
Xəstəxana həftəiçi hər gün, saat 9:00-dan 18:00-dək fəaliyyət
göstərir. Tibbi baxış zamanı çağırışçılar cərrah, terapevt,
nevroloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq,
dermatoveneroloq, psixoloq və zərurət olduqda digər ixtisaslardan
olan həkim-mütəxəssislər tərəfindən müayinə ediləcəkdir.
Məlumat üçün bildirək ki, müddətli həqiqi hərbi xidmətə
çağırılanların, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan
möhlət almış vətəndaşların ambulator və ya stasionar tibbi müayinə
və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır. Ətraflı məlumat
üçün Agentliyin “1542”, TƏBİB-in “815” və Dövlət Xidmətinin “9100”
Çağrı mərkəzlərinə müraciət etmək olar.
Əlavə olaraq qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin
2023-cü il 6 sentyabr tarixli 2317 nömrəli Fərmanına əsasən 2024-cü
il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları
tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların
tibbi şəhadətləndirilməsi zamanı sıradankənar həqiqi hərbi xidmətə
yararlılıq, sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə
müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi, dinc
dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud
yararlılıq və həm dinc dövrdə, həm də müharibə dövründə hərbi
xidmətə yararsızlıq haqqında qərarlardan birinin qəbul edilməsi
üçün həmin vətəndaşların yekun tibbi müayinəsi Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial
Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata
keçiriləcəkdir.





























