
Bakı. Trend:
“Böyük Qayıdış” proqramı üzrə Laçına növbəti köç prosesi
gerçəkləşib. Səhər saatlarında respublikanın müxtəlif rayonlarından
yola salınan ailələr doğma yurdlarına çatıblar.
Trend xəbər verir ki, Laçın
rayonu bu dəfə 23 ailəyə qucaq açıb, daha 69 nəfərin yurd həsrəti
bitib.
Bakı şəhərindən 12 ailə (37 nəfər), Ağcabədidən 2 ailə (7
nəfər), Beyləqandan 2 ailə (6 nəfər), Kürdəmirdən 2 ailə (5 nəfər),
Abşerondan 2 ailə (3 nəfər), Sumqayıtdan 1 ailə (7 nəfər) Laçın
şəhərinə, Bakıdan 1 ailə (1 nəfər), Bərdədən 1 ailə (3 nəfər) isə
Zabux kəndinə köçənlərdir.
Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə doğma
yurdlarına qovuşublar. Onlar böyük coşqu ilə qarşılanıb, Laçının
gözəl mənzərəsini seyr ediblər.
Bununla da Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Zabux
kəndində isə 217 ailə olmaqla, 823 nəfərin daimi məskunlaşması
təmin edilib.
Köçürülən ailələrin Laçın şəhərində və Zabux kəndində vaxtilə
yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının
göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə
məskunlaşması üçün bütün şərait yaradılıb.





























