
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar
əhaliyə müraciət edib.
Trend FHN-ə istinadən xəbər
verir ki, müraciətdə deyilir:
“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mayın 1-i
və 2-si günün ikinci yarısında ölkə ərazisində, xüsusən Bakıda və
Abşeron yarımadasında havanın küləkli olacağı, küləyin sürətinin
arabir güclənəcəyi proqnozlaşdırılır.
Eyni zamanda, mayın 2-si gündüzdən 5-i səhərədək respublikanın
rayonlarında hava şəraitinin yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı
yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qara
keçəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağ çaylarından
qısamüddətli daşqın və sel keçəcəyi, bir sıra ərazilərdə güclü
külək əsəcəyi proqnozlaşdırılır.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə
müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq
təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, bir sıra ərazilərdə, o cümlədən Bakıda və Abşeron
yarımadasında gözlənilən güclü küləklə əlaqədar yüngül
konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam
lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür
ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü
küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı
çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi
riayət edilməlidir.
Bundan əlavə, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və
seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq
durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə
qalxmaq tövsiyə olunur.
Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik
cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil,
taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti,
ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür
ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer
seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri
qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”





























