Advertisement

Ukrayna Ali Radasının sədr müavini ilə ANAMA-da görüş keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti
sədrinin birinci müavini Bəhruz Məmmədov Bakıda keçiriləcək VI
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək
məqsədilə ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının sədr müavini
Olena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş
keçirib.

Trend xəbər verir ki, Bəhruz
Məmmədov qonaqları salamlayaraq, Agentliyin yaradılması, fəaliyyət
istiqamətləri, ölkəmizin üzləşdiyi mina probleminin miqyası, mina
qurbanları, minaların işğaldan azad edilmiş ərazilərdə icra edilən
bərpa-quruculuq işlərinə yaratdığı çətinliklər, habelə mina
təhlükəsi ilə mübarizə istiqamətində həyata keçirilən genişmiqyaslı
humanitar minatəmizləmə əməliyyatları barədə nümayəndə heyətinə
məlumat verib, işğaldan azad edilmiş ərazilərin minalardan
təmizlənməsinin “Böyük Qayıdış” proqramının əsas prioritetlərindən
biri olduğunu qeyd edib.

Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyuk təqdim
edilən məlumata görə təşəkkür edərək, Azərbaycanın işğaldan azad
edilmiş ərazilərinin yenidən qurulması istiqamətində görülən
fəaliyyətin təqdirəlayiq olduğunu bildirib. Ukrayna ərazilərinin
minalarla yüksək səviyyədə çirkləndiyini nəzərə alaraq, Agentliklə
humanitar minatəmizləmə sahəsində əməkdaşlığın əhəmiyyətinə
toxunub.

Görüş zamanı, sahə üzrə qarşılıqlı maraq doğuran digər
ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.