
Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin
magistraturalarına aprelin 28-də keçirilmiş qəbul imtahanının
qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq)
üzrə nəticələrini elan edib. İmtahan nəticələri ilə DİM-in saytında
tanış olmaq mümkündür.
DİM-dən Trend-ə
bildirilib ki, bakalavrlar imtahanın nəticələri haqqında məlumatı,
həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel)
vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə
bilərlər.
Qeyd edək ki, yekun imtahan balı xarici dil fənləri üzrə esse
tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim
olunacaq. Xatırladaq ki, iştirakçılar qapalı və kodlaşdırıla bilən
tapşırıqlar üzrə 95, esse üzrə isə maksimal 5 bal toplaya
bilərlər.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 19716
bakalavrdan 405 nəfəri imtahana gəlməyib.
İmtahan iştirakçılarının nəticələrlə bağlı apellyasiya
müraciətlərinə yekun imtahan balı elan olunduqdan sonra baxılacaq.
Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və
yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq.
Cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün
təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən
cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə
nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin
qaralanması və s.) baxılmayacaq.





























