Advertisement

Arağın istehsalı ilə bağlı keyfiyyət qaldırılmalıdır – Deputat

Bakı. Trend:

Qazaxıstan parlamenti tərəfindən birdəfəlik istifadə edilən
siqaretlərin qadağan edilməsi ilə bağlı qanun layihəsi qəbul
edilib. Rusiyada da qanun təşəbbüsü deputatlar tərəfindən irəli
sürülüb.

Trend xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət
komitəsinin bu gün keçirilən iclasında deputat Emin Hacıyev
deyib.

Onun sözlərinə görə, bir çox hallarda belə siqaretlər zərərsiz
tütün məmulatı kimi təqdim edilir:

“Hesab edirəm ki, AQTA bu məsələ ilə bağlı ciddi işlər aparmalı,
onun tərkibi haqqında maarifləndirici işlər görülməlidir. İdxal
edilən siqaretlərlə bağlı tələblər qoyulmalıdır. Çünki onun
tərkibində zərərli maddələr olmasaydı, bir çox dövlət bununla bağlı
qərar qəbul etməzdi. Bu haqda düşünməliyik”.

E.Hacıyev qeyd edib ki, arağın istehsalı ilə bağlı keyfiyyət
qaldırılmalıdır:

“Dünyada arağın istehsalında bir neçə növ spirtdən istifadə
edilir. Burada bir çox şərtlər var. Rəqabət qabiliyyətli məhsulun
istehsalı üçün yaxşı olardı ki, qanun layihəsində idxal ediləcək
spirtlərin növlərini də qeyd edərdik. Gələcəkdə yerli
istehsalçıların istehsal etdikləri məhsulların keyfiyyətini
artırmaq üçün idxal ediləcək spirt növləri ilə bağlı şərtlərin
qoyulması məqsədəuyğun olardı”.