
Bakı. Trend:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən
piyadaların avtomobil yolunu keçməsində problem yaşanan ərazidə,
Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunun 3-cü km-də yeni
piyada keçidinin inşasına start verilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, layihə üzrə keçidin ümumi uzunluğu 51 metr,
daxili eni 3.50, pilləkənlərin eni 3 metrdir:
“Yol səviyyəsindən hündürlüyü 5.8 metr olan keçid orta dayaqdan
ibarət, metal konstruksiyalıdır. Hazırda keçiddə özül svaylarının
vurulması işləri aparılır.
İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki
məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir
lift sistemləri quraşdırılacaq.
Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus
ciblikləri, avtobus dayanacağının, təhlükəsizlik kameralarının
quraşdırılması, keçidin istismarına nəzarət edən işçilər üçün
nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında
abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.
Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar
əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa
edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və
təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər
ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq”.





























