Advertisement

Biz mənəviyyatımızı yenidən geri qaytarırıq – Migel Moratinos

Bakı. Trend:

Biz mənəviyyatımızı yenidən geri qaytarırıq. Din yenidən
dirçəlir.

Trend xəbər verir ki, bu barədə BMT Baş katibinin
Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Moratinos VI
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən
“Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi”
mövzusunda panel müzakirəsi zamanı deyib.

“Biz dini rəhbərlərlə sıx əlaqədə olmalıyıq. Dini liderlər bizim
işimizi çox zənginləşdirir. Bu cür konfranslarda dini rəhbərlərdən
çox şey öyrənirəm.

Müxtəlif dinlərin böyük liderləri artıq birgə fəaliyyət
göstərirlər. Dünyada dini ibadət yerlərinin xəritəsini hazırlamalı,
onları qorumalıyıq”,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumu öz işinə başlayıb.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və
Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif
ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə
yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28
beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on
panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə
tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən
tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər
Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və
BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə
keçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.