Advertisement

YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb (FOTO)

Bakı. Trend:

Mayın 1-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının Sarayevo küçəsi 38 C ünvanı üzrə yeni ərazi partiya
təşkilatı yaradılıb.

Trend xəbər verir ki,
tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar
Rəhimzadə partiyanın keçdiyi şərəfli yoldan, yeni-yeni hədəflərə
doğru inamla irəliləməsindən, cəmiyyətin avanqard qüvvəsi kimi
artan nüfuzundan geniş bəhs edib. Bildirib ki, tarixi Zəfərə imza
atan qalib Azərbaycanın hər biri uğurunda öz payı olan YAP 2021-ci
ildə keçirilən VII qurultayında qəbul etdiyi yeni qərarlarla
gələcək fəaliyyətinin yol xəritəsini təqdim etdi. Yeni tərkibin
formalaşması, yeni Nizamnamənin qəbulu, dövlət başçısı, YAP Sədri
İlham Əliyevin tapşırığına uyğun olaraq müasir dövrün tələblərini
özündə əks etdirən, “Biz birlikdə güclüyük!” devizi altında yeni
Proqramın hazırlanması və təsdiqlənməsi qarşıya qoyulan hədəflərə
yüksək səviyyədə nail olmağa stimul verir. YAP-ın nəinki
Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın ən böyük siyasi təşkilatı
olduğunu xüsusi qeyd edən Yeni Azərbaycan Partiyasının Sədri,
Prezident İlham Əliyev bu əminliyi də ifadə edir ki, partiya bundan
sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, ötən il ərazi
bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması ilə ölkəmizin
həyatında yeni dövr başladı. Bu dövrün başlanğıcı kimi
dəyərləndirilən 7 fevral növbədənkənar prezident seçkilərində cənab
İlham Əliyevin inamlı qələbəsi son 20 ilin uğurlarına verilən
dəyərin, həmçinin Yeni Azərbaycan Partiyasına inamın və etimadın
göstərici oldu. Sözlə əməl birliyi, tutduğu yola sadiqlik Yeni
Azərbaycan Partiyasının monolitliyini daha da möhkəmləndirir. Dahi
şəxsiyyət Heydər Əliyevin dünənin, bu günün və gələcəyin partiyası
kimi dəyərləndirdiyi YAP 1992-ci ildə fəaliyyətə “Yeni müstəqil
Azərbaycan uğrunda!” şüarı ilə başlayaraq şərəfli yol keçdi və bu
gün “Qalib xalqın qalib Lideri” söyləyir, bu birlik əsasında yeni
hədəflərin reallığa çevrilməsinə öz töhfələrini verməyə səy
göstərir.

Vüqar Rəhimzadə qeyd edib ki, 16 mindən artıq üzvü sıralarında
birləşdirən YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatları
sırasına mütəmadi surətdə yenilərinin əlavə olunması partiya
üzvlərinin sayının günbəgün artmasının təsdiqidir.

YAP Xətai rayon təşkilatının sədri yeni yaradılan ərazi partiya
təşkilatına fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra çıxış edən Diaqnoz Tibb Mərkəzinin baş həkimi Ələddin
Cabbarov YAP-ın keçdiyi şərəfli yoldan və yeni ərazi partiya
təşkilatının yaranmasının əhəmiyyətindən danışıb. Bildirib ki,
tarixi Azərbaycanın müstəqillik tarixi ilə üst-üstə düşən Yeni
Azərbaycan Partiyası ölkəmizin keçdiyi yolun bələdçisi olmaqla
yanaşı, uğurlarımıza verdiyi töhfələri ilə diqqətdədir. Heydər
Əliyev yolu Azərbaycanı, yaradıcısı olduğu Yeni Azərbaycan
Partiyasını daim zirvələrə aparır. Tarixi Zəfərimiz əldə olunan
uğurların zirvəsidir.

Digər çıxış edənlər Yeni Azərbaycan Partiyasının yarandığı
gündən ona göstərilən etimadı dorultduğunu bildiriblər.

Sonda təşkilatı məsələyə baxılıb. Rəvanə Bağırova yeni yaradılan
Sarayevo küçəsi 38 C ünvanı üzrə ərazi partiya təşkilatının sədri,
Sədaqət İsmayılova sədr müavini seçiliblər.