Advertisement

Rezidenturaya qəbul imtahanı keçiriləcək – Trend.Az

Bakı. Trend:

5 may 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən
rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri
üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd)
keçiriləcək.

DİM-dən Trend-ə bildirilib ki, imtahanda 1274 namizəd iştirak
edəcək. Onlardan 972 nəfər Azərbaycan, 302 nəfər isə rus bölməsi
üzrə imtahan verəcək.

Ərizə verənlərin 565 nəfəri oğlan, 709 nəfəri isə qızdır. 277
nəfər cari ilin, 526 nəfər əvvəlki illərin məzunudur. 471 nəfər
növbəti illərdə məzun olacaq tələbələrdir. 18 nəfər xarici ölkə
vətəndaşıdır.

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan saat
10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın
başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa
çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına
buraxılmır.

İmtahanda iştirak edən namizədlər DİM-in internet saytına daxil
olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış
vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim
olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib
tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri
məlumatlar çatdırılır.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– şəxsiyyəti təsdiq edən sənədin əsli;

– “İmtahana buraxılış vərəqəsi”.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək
lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə
vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat
daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası,
lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək
qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları
gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin
səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane
olur.

İmtahanların keçirilməsi üçün, ümumilikdə 6 imtahan binası, 15
imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 122 nəzarətçi-müəllim, 18
buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi
ayrılıb.