
Bakı. Trend:
Ölkəmizdə dünyanın, o cümlədən bəşəriyyətin gələcəyi ilə bağlı
son dərəcə önəmli və aktual məsələlərin müzakirəsinin aparılması,
qlobal problemlərin həlli ilə bağlı vahid qərarların qəbul olunması
artıq ənənə halını alıb. Bir növ Bakı dünyanın mərkəzi rolunda
çıxış edir və bunu son illərin təcrübəsi də bir daha təsdiqləyir.
Bu günlər paytaxtımızda daha bir mötəbər tədbir – “Sülh və qlobal
təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bildiyimiz kimi,
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dövlətimizin başçısı
cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan “Bakı Prosesi”nin
tərkib hissəsidir. Mənəvi-mədəni dəyərlərin təbliği baxımından
böyük əhəmiyyət daşıyan bu təşəbbüs mədəniyyətlərarası dialoq
sahəsində dünyada yeganə qlobal platformadır. Adından və
məqsədindən də aydın olur ki, bu gün Azərbaycan dövləti, xüsusən də
onun Prezidenti cənab İlham Əliyev dünyada dialoqa, qarşılıqlı
anlaşmaya, sülh və təhlükəsizliyə nə qədər misilsiz töhfələr
verir.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri,
Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Görürük ki, indiyə kimi keçirilən forumlarda müxtəlif mövzular
üzrə aparılan müzakirələr, yekun qərarlar, habelə imzalanan
sənədlər beynəlxalq təsisatlar və dünya ictimaiyyəti tərəfindən
rəğbətlə qarşılanıb, xüsusən istinad mənbəyi rolunda çıxış edib.
Odur ki, “Bakı Prosesi” mədəniyyətlərarası dialoq sahəsində ən
mötəbər platforma statusunu qazanıb. Eləcə də bu, ölkəmizin
mədəniyyətlərarası və dinlərarası dialoq məkanı olduğunu təbliğ
edən mühüm vasitədir. Qürurla deyə bilərik ki, Azərbaycanda lap
qədimdən başlayaraq müxtəlif xalqların və dinlərin nümayəndələri
xoşbəxt və mehriban ailə kimi yaşayıblar. Burada qarşılıqlı hörmət
və anlaşma prinsiplərinə söykənən birgəyaşayış mühiti hər zaman
mövcud olub. Bu keyfiyyətlərə görə ölkəmiz tolerantlığın və
multikulturalizmin bərqərar olduğu məkan kimi dünyada nümunə
çəkilir, nailiyyətləri yüksək qiymətləndirilir, uğurlu təcrübəsi
öyrənilir”, – Milli Məclisin deputatı bildirib.
Onun sözlərinə görə, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunun mövzusu da son dərəcə aktualdır:
“Dünyanın inkişafı, bəşəriyyətin xoşbəxt və firavan gələcəyi
sülh və təhlükəsizlikdən keçir. Bunun üçün mədəniyyətlərarası
sağlam ünsiyyət, qarşılıqlı etimad və anlaşma olduqca vacib
məqamdır. Mən əminəm ki, burada aparılan müzakirələr, səslənən
fikirlər və yekun qərar bu sahədə problemlərin aradan qaldırılması
üçün xeyli faydalı olacaq. Tədbirdə iştirak edən Prezident İlham
Əliyev çıxışında bir sıra vacib məqamlara toxundu, xüsusən
multikulturalizmin əhəmiyyətindən söz açdı, Azərbaycanın
təcrübəsini bölüşdü. Təbii ki, bu cür dəyərlər olmasa, qorunmasa və
inkişaf etməsə, sabitlik əldə olunmaz, sülh və təhlükəsizlik risk
altında olar. Hər zaman belə olub ki, ayrı-seçkilik gərginliyə,
hətta ağır münaqişələrə belə səbəb ola bilir. Dünya şahiddir ki,
Azərbaycanda mövcud olan möhkəm sabitliyin, həmrəyliyin, sağlam
cəmiyyətin kökündə həm də tolerantlıq və multikultural dəyərlər
dayanır”.
“Dövlətimizin başçısı çıxışında Azərbaycanın Qoşulmama
Hərəkatına sədrliyindən də bəhs etdi. Əminliklə deyə bilərik, eləcə
də bu, beynəlxalq ictimaiyyət tərəfindən də etiraf olunur ki,
Hərəkatın inkişafı, ən parlaq dövrü, təsir imkanlarının artması,
söz sahibinə çevrilməsi məhz Azərbaycanın sədrliyi dövründə olub.
İrəli sürdüyü təşəbbüslər, gördüyü işlərlə Azərbaycan bu təsisata
yeni imic qazandırdı, məsələlərə haqlı yanaşma tərzi ortaya qoydu.
Quruma sədrliyimiz ağır bir dönəmə təsadüf etdi, xəstəlik planetin
hər yerində tüğyan edirdi, böyük fəsadlara yol açırdı. Belə
mürəkkəb şəraitdə Azərbaycan sədr olaraq məsuliyyətlə davrandı,
vacib və səmərəli təşəbbüslərlə çıxış etdi, xüsusilə dünyanı
ədalətə səsləyərək peyvənd millətçiliyinə qarşı ləyaqətlə mübarizə
apardı.
Eləcə də beynəlxalq hüququn tələblərini pozan, ölkələrin daxili
işlərinə qarışan, ədavət salan, separatizmə dəstək verənləri ifşa
etdi, neokolonializmin çirkin siyasət olduğunu göstərdi. Təəssüflər
olsun ki, hətta XXI əsrdə belə bu cür hallar yaşanır və bununla
mübarizədə Azərbaycan dünyada haqlı mövqe ortaya qoyur və etiraz
səsini ucaldır. Lakin insan hüquqlarından danışan, demokratiyanı
əldə dəyənəyə çevirən bəzi dövlətlər və beynəlxalq təşkilatlar
nədənsə hələ də bu mövzunun üzərindən sakit keçir, daha çox
susqunluğa üstünlük verirlər. Bu azmış kimi, sonra utanmadan
başlayırlar, bəlkə də, hər gün fərqli don geyindirdikləri,
mahiyyətini dəyişdirərək gözdən saldıqları demokratiyadan, insan
hüquqlarından danışmağa. Bütün bunlar ikili standart deyil, bəs
nədir!?”, – Səttar Möhbalıyev fikrini tamamlayıb.




























