Advertisement

Niyə bəzi ölkələr Azərbaycana qarşı riyakar siyasət yürüdür, ikili standartla çıxış edir?! – Aygün Attar

Bakı. Trend:

İşğal dövründə bizim həyatımız, mədəniyyətimiz, keçmişimiz
dağıdıldı, yox edildi.

Trend xəbər verir ki, bu barədə Türkiyə-Azərbaycan Dostluq,
Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar VI
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən
“Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və
qorunması üçün davamlı sülhün təmin edilməsi” adlı panel
sessiyasında çıxışı zamanı deyib.

“Bu məsələlərlə bağlı yalnızca toplanıb müzakirələr aparırıq.
Bəs başqa nə edə bilərik?! Dünyadakı bütün insanlar bu kimi
vandallıqlara etirazını bildirməlidir. Azərbaycanın torpaqlarında
işğal dövründə baş verən vandallığa səssiz qalanlar başqa bir
ölkədə mədəni irsə zərər gəlməsinə qarşı çıxır. Azərbaycan isə
yalnız öz mədəni irsi üçün yox, dünyanın mədəni irsinin qorunması
üçün çalışır.

Niyə bəzi ölkələr Azərbaycana qarşı riyakar siyasət yürüdür,
ikili standartla çıxış edir? Azərbaycanın ekologiyasına vurulan
zərər ortaq yaşadığımız dünyaya vurulan zərərdir. Niyə bunun hesabı
soruşulmur?”,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və
Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif
ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə
yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28
beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on
panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə
tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən
tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər
Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və
BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə
keçirilir.