
Bakı. Trend:
Qarabağda mədəniyyətimizi yox edənlər hələ də rahat bir şəkildə
gəzir, üstəlik, Avropaya, oradakı təsisatlara dəvət edilir.
Trend xəbər verir ki, bu barədə Türkiyə-Azərbaycan Dostluq,
Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar VI
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən
“Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və
qorunması üçün davamlı sülhün təmin edilməsi” adlı panel
sessiyasında çıxışı zamanı deyib.
“Ermənistan istədiyini edir, amma bunun hesabı ondan soruşulmur.
Azərbaycan hazırda bu forumda mədəniyyət və təhlükəsizliklə bağlı
dünyaya çağırış edir.
Beynəlxalq təşkilatların sözləri ilə hərəkətləri arasında
eynilik yoxdur. Sözləri ilə qınayırlar, lakin bir daha baş
verməməsi üçün heç nə etmirlər”, – deyə o bildirib.
Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumu keçirilir.
“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və
Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif
ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.
100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə
yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28
beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on
panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə
tutulur.
Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən
tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər
Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və
BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə
keçirilir.





























