Advertisement

KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yerli və
xarici investorları mikro, kiçik və orta sahibkarlıq subyektlərinin
layihələrinə, startapların biznes ideyalarına sərmayə qoymağa
çağırır.

İnvestorlar iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən işlək
biznes, hazır layihə və biznes ideyalarla KOBİA tərəfindən
yaradılmış investisiya portalından (www.invest.smb.gov.az) tanış
ola bilərlər. Hazırda portalda investisiya yatırılmasını gözləyən
100-dən çox biznes ideya və hazır layihə mövcuddur. Portalda
yerləşdirilmiş layihələrin 58-nin Bakı şəhəri və Abşeron rayonu
ərazisində, 43-nün isə regionlarda həyata keçirilməsi nəzərdə
tutulur. Layihələr əsasən sənaye, təhsil, turizm, xidmət, qida,
ticarət, nəqliyyat və logistika sahələrini əhatə edir. İnvestorlar
maraqlı olduqları layihələrə borc və ya ortaqlıq şərtləri daxilində
yatırım edə bilərlər.

İnvestorlar bu layihələrə yatırım etməklə həm özləri qazanc əldə
edəcək, həm də KOB-ların layihələrini dəstəkləməklə onların
inkişafına, yeni məhsul və xidmətlərin yaranmasına dəstək göstərmiş
olacaqlar.

Eyni zamanda investorlar onları maraqlandıran sektorları qeyd
etməklə öz investisiya təkliflərini portalda yerləşdirə və biznes
layihələrin müəlliflərindən təkliflər ala bilərlər.

Qeyd edək ki, www.invest.smb.gov.az portalı
KOBİA tərəfindən Azərbaycanda kiçik və orta sahibkarlıq
subyektlərinin investisiya imkanlarını genişləndirmək məqsədilə
yaradılıb. Layihəsinə investor axtaran sahibkarlar, startaplar,
eləcə də sərmayə qoymaq üçün layihə axtarışında olan investorlar
portalın imkanlarından faydalana bilərlər. Portaldan istifadə etmək
ödənişsizdir.