Advertisement

Qlobal iqlim dəyişmələri nəticəsində yaranan quraqlıq, yağıntıların azalması Damcılı bulağa birbaşa təsir göstərir – Nazir müavini

Bakı. Trend:

İqlim dəyişməsinin dolayı yolla təsir göstərdiyi abidələrə Quba
şəhərində Soyqırımı Memorial Kompleksi ərazisində yerləşən
ermənilər tərəfindən 1918-ci ildə kütləvi qırğınlar nəticəsində
həlak olan kütləvi insan məzarlarını göstərmək olar.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası
mədəniyyət nazirinin müavini xanım Səadət Yusifova VI
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Keçmiş və
gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı
panel sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, kütləvi məzarlıq açıldıqdan sonra insan
sümüklərinin yağış, qar, qrunt suları ilə təmas etməsi və küləklər
nəticəsində çürümə prosesi sürətlənmiş və məzarlığın yenidən
torpaqla örtülməsinə və bu yolla qorunmasına qərar verilib.

“Qlobal iqlim dəyişmələri nəticəsində yaranan quraqlıq,
yağıntıların azalması “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu
ərazisində yerləşən Damcılı bulağına birbaşa təsir göstərməkdədir.
Digər bulaqlardan fərqli olaraq Damcılı bulağı yerin təkindən
deyil, qayalardan süzülərək tökülür. İnsanların daha çox çay
kənarlarında məskən saldıqlarını və ərazidə geniş qurumuş çay
yatağını əsas gətirərək demək olar ki, buradan vaxtı ilə gur sulu
çay axmış olsa da, hazırda su mənbəyi yalnız Damcılı bulağıdır.
Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, təbii və antropogen
təsirlərlə bağlı olaraq bulağın suyunda gözlə görüləcək dərəcədə
azalma müşahidə olunmaqdadır” – deyə o qeyd edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və
Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif
ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə
yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28
beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on
panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə
tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən
tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər
Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və
BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə
keçirilir.
Tədbir 1-3 may tarixlərini əhatə edəcək.