
Bakı. Trend:
“Koroğlu” metrostansiyasının cənub çıxışında nəqliyyat mübadilə
mərkəzi yaradılması ilə bağlı AYNA tərəfindən layihə hazırlanaraq
Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim olunub və müvafiq qaydada
razılaşdırılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Trend-ə
bilrilib ki, sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsi
üçün icrasına başlanılan layihəni zəruri edən bir neçə amil var.
Aparılan təhlillər göstərir ki, hazırda Bakıətrafı kənd və
qəsəbələrə getmək istəyən sərnişinlər “Koroğlu” metrostansiyasının
şimal çıxışında yerləşən mövcud avtobus dayanacaq məntəqəsinə
çatmaq üçün 5-8 dəqiqə vaxt sərf edir. Bu da sərnişinlər üçün əlavə
vaxt itkisidir. Eyni zamanda, metrostansiyanın qarşısında şəxsi
maşınlarla sərnişin daşınır ki, bu da nəqliyyat sıxlığı
yaradır.
Bütün bunları nəzərə alaraq, sərnişinlərin ictimai nəqliyyat
növləri arasında rahat keçidinin təmin olunması məqsədilə ərazidə
avtobus, metro, dəmiryolu stansiyası, taksi duracağı, ictimai və
fərdi nəqliyyat qovşağını əlaqələndirəcək multimodal HUB-ın
yaradılmasına başlanılıb.
Beləliklə, görüləcək işlər çərçivəsində:
– metrostansiyasının cənub çıxışında (Milli Gimnastika
Arenasının qarşısı) dəmiryolu stansiyasına yaxın 3 perronlu avtobus
dayanacağı yaradılacaq;
– minik avtomobilləri üçün “park and ride” tipli parklanma
yerləri təşkil ediləcək;
– taksi minik avtomobilləri üçün yolun hərəkət hissəsinə yaxın
duracaq yaradılacaq;
– elektrik mühərrikli avtobuslar üçün dolum məntəqələri
quraşdırılacaq.





























