
Bakı. Trend:
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti
sədrinin birinci müavini Bəhruz Məmmədov Türkiyə İnsan Hüquqları və
Bərabərlik Qurumunun sədri Məhərrəm Qılınc ilə görüş keçirib.
Trend xəbər verir ki, Bəhruz
Məmmədov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud
mina təhlükəsi, minatəmizləmə sahəsində əldə edilən nailiyyətlər,
görülən işlər barədə qonağa məlumat verib.
O, təkcə keçmiş təmas xəttinin deyil, həmçinin mülki təyinatlı
ərazilərin, obyektlərin minalarla yüksək səviyyədə
çirkləndirilməsinin, heç bir hərbi əhəmiyyət daşımayan ərazilərin
qəsdən minalanmasının insanlıq əleyhinə törədilmiş cinayət olduğunu
qeyd edib.
Görüş zamanı mina təhlükəsi ilə mübarizə sahəsində Türkiyə
Respublikası ilə mövcud əməkdaşlıq, insanların sağlam və təhlükəsiz
ətraf mühitdə yaşamaq hüququna, eləcə də ekoloji sistemə ciddi
təhdidlər yaradan mina probleminə beynəlxalq səviyyədə hüquqi
qiymət verilməsinə dair mümkün əməkdaşlıq perspektivləri və
qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.
Məhərrəm Qılınc təqdim edilən məlumatlara görə öz təşəkkürünü
bildirərək, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət!”
devizi altında hər zaman Azərbaycanın haqq səsinin beynəlxalq
auditoriyaya çatdırılmasına dəstək verməyə hazır olduğunu
vurğulayıb.





























