Advertisement

İrandan 87 kq narkotik gətirən şəxs tutuldu (VİDEO)

Bakı. Trend:

Ölkəyə 87 kiloqram narkotik maddə gətirən Neftçala rayon sakini
saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən ölkə ərazisində
narkotiklərin dövriyyəsinin qarşısının alınması istiqamətində
intensiv mübarizə tədbirləri davam etdirilir.

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən Neftçala
rayonunda keçirilən növbəti tədbir zamanı balıqçılıq fəaliyyəti adı
altında narkotiklərin dövriyyəsini təşkil edən əvvəllər məhkum
olunmuş rayon sakini Sadiq Ələkbərov saxlanılıb.

Onun üzərindən və yaşadığı evin yaxınlığındakı narkotikləri
gizlətmək üçün xüsusi olaraq hazırlanmış yarımtikilidən 87 kiloqram
tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş qurudulmuş marixuana
aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, S.Ələkbərov “Səid” adlı
şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq
qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik maddələrin gətirilməsini
təşkil edib və marixuananı Neftçala rayonunda dəniz kənarında əldə
edib. O, maddi qazanc əldə etmək məqsədilə həmin narkotikləri
ayrı-ayrı şəxslərə çatdırmağı planlaşdırıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində
həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam
etdirilir.