
Bakı. Trend:
Bu gün əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan
islahatlar, sosial dəstək proqramları, bu sahələrdə innovativ
yeniliklər və s. ilə bağlı ictimaiyyətin mütəmadi
məlumatlandırılmasında media mühüm rol oynayır.
Trend xəbər verir ki, bunu “İctimai proseslər media
müstəvisində” mövzusunda Forumun açılış mərasimində əmək və
əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O qeyd edib ki, həssas qrupları təmsil edən şəxslərin fərdi
müraciətlərinin araşdırılmasında obyektivliyin, media
prinsiplərinin gözlənilməsi və məlumatların rəsmi mənbədən
dəqiqləşdirilməsi də vacib məqamlardandır.
Qeyd edək ki, Bakıda Medianın İnkişafı Agentliyinin
təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində”
mövzusunda Forum keçirilir. Tədbir çərçivəsində “Narkomanlığa qarşı
mübarizədə mediadan düzgün istifadə”, “Sosial məsələlərin, həmçinin
məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada
düzgün işıqlandırılması”, “Mediada kiberbullinqə qarşı effektiv
mübarizə və kiber maarifləndirmə” və “Yaşıl dünya naminə həmrəylik
ili”ndə media gündəmi” mövzularında panel sessiyalar təşkil
olunacaq.





























