Advertisement

Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI – Trend.Az

Bakı. Trend:

Mayın 2-də Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının
iclası keçirilib.

Trend xəbər verir ki, iclasda sertifikatlaşdırma prosesinin
təşkili ilə bağlı müzakirələr aparılıb və test imtahanı
mərhələsinin keçirilmə tarixlərinə dair qərar verilib.

Qərara əsasən, 2024-cü il üçün təşkil olunacaq
sertifikatlaşdırma prosesində riyaziyyat və xarici dil (ingilis
dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız
dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda
ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak
edəcəklər.

İlk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma
prosesinin test imtahanı mərhələsi 21, 22, 24 iyun tarixlərində,
ötən il uğur qazana bilməyən müəllimlərin təkrar
sertifikatlaşdırılması isə 8 iyun tarixində keçiriləcək.

Bildiririk ki, təkrar sertifikatlaşdırmaya cəlb ediləcək
müəllimlər test imtahanlarının keçiriləcəyi saat, tarix və məkanla
bağlı məlumatlarla portal.edu.az platformasında şəxsi kabinetləri
vasitəsilə tanış ola bilərlər.

Qeyd edək ki, keçənilki sertifikatlaşdırma prosesinə 29 951
müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5 246
təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10
faiz artım tətbiq edilib.

Cari ildə isə 30 000-dən çox təhsilverən sertifikatlaşdırma
prosesinə cəlb ediləcək.