Advertisement

Media sosial təcrübənin əsas ötürücüsüdür – Hicran Hüseynova

Bakı. Trend:

Medianın cəmiyyətdə əhəmiyyəti çox böyükdür. Təsadüfi deyil ki,
“informasiya cəmiyyəti” termini eyni zamanda, müasir sivilizasiyanı
ifadə etmək üçün istifadə olunur. Müasir insanın varlığını
televiziya, internet, mətbuat və digər informasiya mənbələri
olmadan təsəvvür etmək mümkün deyil.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı, parlamentin
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova
mayın 3-də keçirilən “İctimai proseslər media müstəvisində”
mövzusunda forumda çıxışı zamanı deyib.

O bildirib ki, hazırda media sosial təcrübənin əsas
ötürücüsüdür, ona görə də sosiallaşma prosesində medianın
fəaliyyəti çox vacibdir.

“Bu baxımdan da bugünkü mövzu xüsusi əhəmiyyət kəsb edir. Bütün
növ informasiya məhsullarının ailə institutuna, xüsusi ilə də uşaq
və gənclərə mənfi təsirlərinin aradan qaldırılması məsələsi bir çox
ölkələrdə aktualdır. Azərbaycanda bununla bağlı aidiyyəti qurumlar
mühüm işlər görür. Həmçinin, bu sahədə qanunvericilik bazası
formalaşıb, davamlı olaraq təkmilləşdirilir.

Uşaq hüquqları haqqında”, “Telekommunikasiya haqqında” və
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan
Respublikasının Qanunlarına dəyişiklər edilir. “Uşaqların zərərli
informasiyadan qorunması”, “Media haqqında” Qanunları təsdiq
edilib, lakin bununla yanaşı, hələ də həllini gözləyən məsələlər
var.

Aparılan təhlillər göstərir ki, bu gün bütün əsas sosial
institutların fəaliyyətində və cəmiyyətin idarə olunmasında
medianın rolunun artması müşahidə olunur, KİV ətraf aləmi
qavramağa, həm ictimai, həm də şəxsi həyatda baş verən hadisələrə
və onların qiymətləndirilməsinə təsir göstərə bilər, uşaqlar,
gənclər, bütövlükdə müxtəlif yaş qrupuna daxil olan insanlar
vaxtlarının yarıdan çoxunu mediadan istifadə etməklə
keçirirlər”.

Qeyd edək ki, Bakıda Medianın İnkişafı Agentliyinin
təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində”
mövzusunda Forum keçirilir. Tədbir çərçivəsində “Narkomanlığa qarşı
mübarizədə mediadan düzgün istifadə”, “Sosial məsələlərin,
həmçinin, məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların
mediada düzgün işıqlandırılması”, “Mediada kiberbullinqə qarşı
effektiv mübarizə və kiber maarifləndirmə” və “Yaşıl dünya naminə
həmrəylik ili”ndə media gündəmi” mövzularında panel sessiyalar
təşkil olunacaq.