Advertisement

Kəlbəcər şəhərinin əhalisi 2040-cı ilədək 17 min nəfərə qədər artacaq

Bakı. Trend:

Kəlbəcər şəhərinin işğala qədərki (1969-cu ildə tərtib edilən)
son Baş Planında ərazisi 130 ha, əhalisinin sayı isə 7500 nəfər
təşkil etdiyi halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun
olaraq bu rəqəmlər iki dəfədən çox artacaq (290 hektara yaxın
ərazi, 17000 nəfər əhali).

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Trend-ə verilən
məlumata görə, şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli və
inzibati binalardan ibarət olacaq. Ətrafda isə fərdi yaşayış
evlərinin tikintisi aparılacaq.

Şəhərin ümumi yaşayış fondu 488 min m² təşkil edəcək ki, bunun
da böyük hissəsi (421 min m²) fərdi yaşayış evlərinin, 46 min m²-i
isə ortamərtəbəli yaşayış binalarının payına düşəcək. Ümumən
2040-cı ilədək əhalinin 4250 mənzillə (adambaşına 25 m²) təmin
olunması nəzərdə tutulub.

Şəhərdə həmçinin 4 məktəb (960 şagird yerlik), 4 uşaq bağçası
(520 yerlik), 2 xəstəxana (160 çarpayılıq), 1 reabilitasiya mərkəzi
(150 çarpayılıq), İşğal və Zəfər muzeyləri, mehmanxanalar, müxtəlif
ictimai-iaşə obyektləri və idman meydançalarının tikintisi
planlaşdırılır.

Plana əsasən, şəhər ərazisinin 22%-i yaşıllıqlardan ibarət
olacaq, yəni 60 ha sahədə fərqli yaş və sosial qruplar üçün
yaşıllıq zolaqları yaradılacaq. Beləliklə, ölkənin digər
şəhərlərində ümumi istifadədə olan yaşıllıq sahəsinin adambaşına
düşən norması 7-10 m² nəzərdə tutulduğu halda, Kəlbəcər şəhərində
bu göstərici 33 m² təşkil edəcək.